Pia Kauma - Kənardan heç kimin hökumətin legitim olub-olmadığını deməməsi fikrimcə mühümdür, əgər kənardan kimsə legitimliyimizi müəyyən etsəydi, ölkənin suverenliyinə zərər verərdi
Pia Kauma - Kənardan heç kimin hökumətin legitim olub-olmadığını deməməsi fikrimcə mühümdür, əgər kənardan kimsə legitimliyimizi müəyyən etsəydi, ölkənin suverenliyinə zərər verərdi

 
Kənardan heç kimin hökumətin legitim olub-olmadığını deməməsi fikrimcə mühümdür, əgər kənardan kimsə legitimliyimizi müəyyən etsəydi, ölkənin suverenliyinə zərər verərdi – bu haqda ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma “Azadlıq Radiosu”na müsahibəsində deyib.

Pia Kauma “Əgər ATƏT/DTİHB Finlandiyada keçirilən seçkilərlə bağlı analoji hesabat dərc etsəydi, hökumətinizin legitimliyi ilə əlaqədar suallarınız yaranardı ya yox?” sualına cavab verib.

“Bilirsiniz, mən bu haqda düşünmüşəm. Fikrimcə, ilk növbədə onu deməliyik ki, heç kim mükəmməl deyil – hər bir ölkənin təkmilləşdirilməsi lazım olan məsələləri/mövzuları var, heç kim demokratiyanın son, final səviyyəsinə çatmaqla öyünə bilməz. Həmişə təkmilləşdiriləcək şeylər var. Hərçənd, bütün bunları Finlandiya halı ilə uyğunlaşdırsaq, kənardan heç kimin hökumətin legitim olub-olmadığını deməməsi fikrimcə mühümdür. Əgər kənardan kimsə legitimliyimizi müəyyən etsəydi, ölkənin suverenliyinə zərər verərdi” – Pia Kauma bildirib.

Bununla yanaşı, Pia Kauma qeyd edib: “Mən başa düşürəm ki, bəzi insanlar bunu belə qəbul edə bilərlər, amma məqsədimiz həqiqətən səfərimizi hakimiyyətin tanınması kimi təqdim etmək, kimlərsə üçün legitimlik əldə etmək deyildi. Biz belə hərəkət etmirik, bu nə bizim işimizdir, nə də mandatımız”.

Pia Kaumanın izahına görə, ATƏT-in funksiyası seçkiləri müşahidə etmək və tövsiyələrin icrasına kömək etməkdir.

“Biz neytral qalmaq istəyirik. Biz seçkiləri müşahidə edirik, nöqsanların aşkarlanmasına-təhlilinə və tövsiyələrin həyata keçirilməsinə kömək edirik. Bu bizim funksiyamızdır. Biz tərəf tutmaq istəmirik” – Pia Kauma bildirib.

“Sizin nöqteyi-nəzərinizdən bu hökumət legitimdirmi?” sualına gəlincə, Pia Kauma bildirib ki, bu, Gürcüstanın Konstitusiya Məhkəməsi və digər hüquqi və siyasi sistemlərin qərar verəcəyi məsələdir.

“Bunu deyə bilmərəm. Fikrimcə, bu, sizin konstitusiya məhkəməniz və digər hüquqi və siyasi sistemlərin qərar verəcəyi məsələdir. Bu məsələ ilə bağlı heç nə müəyyən edə bilmərəm” – Pia Kauma qeyd edib.

Bununla yanaşı, Pia Kauma Gürcüstana onların səfərinin yalnız bütün mühüm tərəflərlə görüşdükləri təqdirdə səmərəli olacağını izah edib.

Xüsusilə, “Əgər düz başa düşdümsə, səfərin ləğv edilməsinə səbəb müxalifətin tələbləri ilə razılaşmağınız və ya onların narahatlığını bölüşməniz deyil, bu şərtlərə əməl edilmədən sizinlə görüşməkdən imtina etmələri olub. Təkcə iqtidarla görüşmək istəmədiniz?” – sualına Pia Kauma cavab verdi: “Bəli, çünki mən Tbilisiyə gəlsəm və yalnız hakimiyyət nümayəndələri ilə görüşsəm, bu, göstərmək istəmədiyim mənzərəni yaradacaqdı – sanki hakimiyyəti dəstəkləyirik. Artıq qeyd etdiyim kimi, bu, bizim mandatımız deyil, biz bunu etmək istəmirik və etmirik. Ona görə də biz hesab etdik ki, bu olduqca çətin və gərgin vəziyyətdə səfərimiz yalnız bütün vacib tərəflərlə görüşdükdə səmərəli olacaqdı”.