Peşə təhsili proqramlarına qeydiyyat başlayıb

10:46, 21.09.2026

Peşə təhsili proqramlarına qeydiyyat peşə təhsili portalında – vet.ge-də bu gündən başlayıb və oktyabrın 9-dək davam edəcək. Bu barədə Təhsil İdarəetməsinin İnformasiya Sistemi məlumat yayıb.
Onların məlumatına görə, 2026-cı ilin payız qəbulu çərçivəsində 568 peşə təhsili proqramına qəbul elan edilib. O cümlədən, tam ümumi təhsilin orta pilləsinin təlim nəticələrinin inteqrasiya olunduğu 37 orta peşə təhsili proqramı üzrə. 80 peşə təhsili müəssisəsində müəyyən edilmiş qəbul yerlərinin ümumi sayı 21 372-dir.

“Qeydiyyat zamanı abituriyentin üçdən çox olmamaqla arzu etdiyi peşə təhsili proqramını seçmək və qeydiyyat müddəti başa çatanadək seçimini dəyişmək imkanı var.

Peşə təhsili proqramlarında təhsili davam etdirmək hüququ həm əsas, həm də tam ümumi təhsili təsdiq edən sənədə malik şəxslərə verilir. Bununla yanaşı, abituriyent konkret proqramla müəyyən edilmiş qəbul şərtlərinə cavab verməlidir. Bu şərtlər proqramın növü və səviyyəsinə uyğun olaraq fərqlənir.

Peşə təhsili idarəetmə informasiya sistemində mövcud olan məlumatları nəzərə alaraq, aktiv peşə tələbəsi statusuna malik şəxsin proqrama qeydiyyatdan keçmək hüququ məhduddur. İstisna yalnız o haldır ki, cari proqramı yeni proqramda təhsilə başlamazdan əvvəl başa çatdırsın.

Peşə təhsili proqramlarında təhsil dövlət tərəfindən təsis edilmiş peşə təhsili müəssisələrində tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir. Özəl hüquqi şəxs formasında təsis edilmiş müəssisələrdə isə vauçer maliyyələşdirilməsi Gürcüstanın Təhsil, Elm və Gənclər naziri tərəfindən müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilir.

Maliyyələşmədən Gürcüstan vətəndaşları, xaricdə yaşayan həmvətən statusuna malik xarici ölkə vətəndaşları, həmçinin sığınacaq axtaran, qaçqın və ya humanitar statusa malik şəxslər yararlana bilərlər.

Maliyyələşmədən, həmçinin Gürcüstanda statusu olan vətəndaşlığı olmayan və dövlət himayəsində olan və ya olmuş peşə tələbələri – himayədar ailədə, kiçik ailə tipli evlərdə, sığınacaqlarda və digər yerlərdə olan şəxslər də yararlana bilərlər. Bunun üçün Təhsil İdarəetməsinin İnformasiya Sisteminə müəssisənin müraciəti və müvafiq sənəd təqdim edilməlidir.

Gürcüstanın Müdafiə Məcəlləsinə əsasən, peşə təhsili proqramına qəbul edilmiş peşə tələbəsinə çağırışçıların milli hərbi xidmətinə çağırışın təxirə salınması hüququ bir dəfə, peşə təhsili proqramını başa çatdıranadək verilir, əgər həmin şəxs daha əvvəl bu hüquqdan istifadə etməyibsə.

Oktyabrın 12-dən noyabrın 8-dək abituriyentlərin seçimi müvafiq peşə təhsili proqramı və təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada müəyyənləşdirilən tələblər və prosedurlara uyğun olaraq həyata keçiriləcək.

Ali peşə təhsili proqramlarına seçim Təhsil və İmtahanlar üzrə Milli Mərkəz tərəfindən təşkil edilən testlərin nəticələrinə əsasən həyata keçiriləcək. Təbiət elmləri üzrə test oktyabrın 24-də, savadlılıq və kəmiyyət savadlılığı üzrə isə oktyabrın 25-də keçiriləcək.

Seçim prosesi başa çatdıqdan sonra Təhsil İdarəetməsinin İnformasiya Sistemi abituriyentlərin qiymətləndirmə nəticələrini, sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında yaşayış müavinəti alan şəxs statusunu və əldə edilmiş təhsil səviyyəsini nəzərə alaraq abituriyentlərin reytinq siyahısını hazırlayır.

Əgər abituriyent qeydiyyat mərhələsində bir neçə peşə təhsili proqramı seçibsə, nəticələr dərc edildikdən sonra, noyabrın 11-dən 13-dək sistemdə yekun seçimini təsdiqləməyə və qəbul hüququ qazandığı proqramlardan birini qeyd etməyə borcludur.

Peşə təhsili proqramları, müəssisələr, qəbul şərtləri və qeydiyyat haqqında ətraflı məlumat peşə təhsili elektron portalında – vet.ge-də əlçatandır.

Peşə təhsili ilə bağlı əlavə məlumat almaq üçün maraqlanan şəxslər Təhsil İdarəetməsinin İnformasiya Sisteminin qaynar xətti ilə əlaqə saxlaya bilərlər: (+995 32) 2200 220, yaxud [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Peşə təhsili portalında qeydiyyat üzrə video təlimat: https://www.youtube.com/watch?v=YYEJZ7t7qEQ;

Peşə təhsili proqramlarına qeydiyyat üzrə video təlimat: https://www.youtube.com/watch?v=4V6pgRHhhjk”, – Təhsil İdarəetməsinin İnformasiya Sisteminin məlumatında deyilir.

Oxşar