Pensiya Fondunun məlumatına görə, yığma pensiyadan artıq 22 843 nəfər faydalanıb, onlara pensiya kimi 100,3 milyon lari ödənilib
Gürcüstanın Pensiya Fondu statistik məlumatları yayımlayıb.
Pensiya sxeminə qoşulmuş iştirakçıların sayı 1 milyon 667 min nəfərdir. 2025-ci il 31 avqust tarixinə olan vəziyyətə görə, yığma pensiyadan 22 843 nəfər faydalanıb və onlara pensiya kimi 100,3 milyon lari ödənilib.
Pensiya aktivlərinin dəyəri 7,4 milyard lari təşkil edir, onların arasında yaradılmış gəlirlər isə 1,9 milyard lariyi ötüb.
Gürcüstanın Pensiya Fondu həmçinin 2025-ci ilin avqust ayı üzrə investisiya portfellərinin nəticələrini dərc edib.
“Avqust Pensiya Fondunun portfelləri üçün kifayət qədər yaxşı ay oldu, bu isə beynəlxalq bazarlarda səhmlərin qiymətinin artması ilə əlaqədardır. Bu müsbət dinamika şirkətlərin güclü rüblük nəticələri, yaxşılaşan iqtisadi mühit və Federal Ehtiyat Sisteminin yumşaldılmış siyasəti gözləntiləri ilə bağlı idi.
Avqustda ən yüksək – 1,98%-lik artımı dinamik portfel göstərdi, balanslaşdırılmış və konservativ portfellər isə müvafiq olaraq 1,51% və 1,22% artdı.
İlin əvvəlindən bu günə qədər gəlirlilik hər üç portfel üçün kifayət qədər yüksəkdir: konservativ – 7,29%, balanslaşdırılmış – 8,11%, dinamik – 9,20%.
Qeyd etmək lazımdır ki, dinamik portfel uzunmüddətli gəlirlilik baxımından da liderdir – portfellərin yaradıldığı 2023-cü il 6 avqustdan bu günə qədər onun illik gəliri 13,8% olub, balanslaşdırılmış və konservativ portfellər üçün isə müvafiq göstəricilər 12,7% və 11,6%-dir.
“Gürcüstanın Pensiya Fondunun aktivləri avqustun sonuna 7,4 milyard lari, yaradılmış gəlirlər isə 1,9 milyard lari ötüb”, – deyə Pensiya Fondunda bildirirlər.