Penitensiar xidmət: Məhkum Qaribaşvilinin ildə iki uzunmüddətli, ayda isə bir qısamüddətli görüş hüququ var və o, bu limitlərdən tam istifadə edib

15:54, 02.09.2026

Penitensiar xidmət: Məhkum Qaribaşvilinin görüş limitləri tam istifadə olunub
Məhkum İrakli Qaribaşvilinin ildə iki uzunmüddətli və ayda bir qısamüddətli görüş hüququ var və bu limitlərdən tam istifadə edib. Bu barədə Xüsusi Penitensiar Xidmətin yaydığı bəyanatda qeyd olunur.
“Xüsusi Penitensiar Xidmət Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin məhkum İrakli Qaribaşvili ilə görüşdən sonra verdiyi açıqlamaya münasibət bildirir. Xalq müdafiəçisi iddia edib ki, məhkuma həvəsləndirmə tədbiri kimi görüş təyin olunub, lakin penitensiar müəssisədə aparılan infrastruktur işləri səbəbindən bu görüş ləğv edilib.
Birmənalı və qəti şəkildə bəyan edirik ki, heç bir görüş təyin olunmayıb və buna görə də onun ləğvindən də söhbət gedə bilməz.
Bir daha izah edirik ki, məhkum Qaribaşvilinin yerləşdirildiyi qapalı tipli penitensiar müəssisənin qaydalarına əsasən, onun ildə iki uzunmüddətli və ayda bir qısamüddətli görüş hüququ var. O, bu limitlərdən tam istifadə edib.
Azadlıqdan məhrum edilmiş şəxsə həvəsləndirmə tədbiri kimi əlavə görüş təyin olunmasına gəlincə, bu, penitensiar müəssisənin direktorunun qərarı ilə həyata keçirilir. Məhkum Qaribaşvili ilə bağlı isə belə bir qərar qəbul edilməyib.
Beləliklə, bütün penitensiar müəssisələrdə vaxtaşırı həyata keçirilən infrastruktur işlərinin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Görüş nə təyin olunub, nə də ləğv edilib”, – bəyanatda qeyd olunur.

Oxşar