Pekin Vaşinqtonu Tibeti Çinin ayrılmaz hissəsi kimi tanımaq öhdəliyinə hörmət etməyə çağırır: “ABŞ Tibet məsələsindən Çinin daxili işlərinə müdaxilə vasitəsi kimi istifadəni dayandırmalıdır.”

17:00, 09.07.2026

Pekin Vaşinqtonu Tibetin Çinin ayrılmaz hissəsi kimi tanınması ilə bağlı öhdəliyinə hörmət etməyə çağırıb. Bu bəyanat ötən həftə Nyu-Yorkda, BMT-nin mənzil-qərargahı yaxınlığında tibetli Loqba Rangzenin özünü yandırmasından sonra verilib. Məlumata görə, o, bu addımı atmazdan əvvəl Tibetin müstəqilliyi və birliyi ilə bağlı çağırış edib.

“Reuters”in yazdığına görə, hadisədən sonra ABŞ Dövlət Departamenti Çini Dalay Lama ilə dialoqu bərpa etməyə yenidən çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin isə bildirib ki, Tibetlə bağlı məsələlər yalnız Çinin daxili işidir və heç bir xarici dövlətin bu prosesə müdaxilə etmək hüququ yoxdur.

“ABŞ-ı Tibetin Çinin bir hissəsi kimi tanınması ilə bağlı öhdəliyinə hörmət etməyə, “Tibetin müstəqilliyi”ni dəstəkləməməyə və Tibet məsələsindən Çinin daxili işlərinə müdaxilə vasitəsi kimi istifadəni dayandırmağa çağırırıq”, – deyə Mao Nin bildirib.

Çin 1950-ci ildə Tibet üzərində nəzarəti ələ keçirib və bunu feodal quruluşundan “dinc azad edilmə” kimi qiymətləndirir. Çində tibetli buddistlərin ruhani lideri və Nobel Sülh Mükafatı laureatı Dalay Lama separatçı hesab olunur. Pekin bildirir ki, onun varisi Çin hakimiyyəti tərəfindən təsdiqlənməlidir.

Oxşar