Paytaxtda vandalizm faktlarına görə qanunla nəzərdə tutulmuş tələblərin icrası sərtləşdirilir
Vandalizmə qarşı bələdiyyə ilə yanaşı Daxili İşlər Nazirliyi də işləyəcək, bu cür faktlara görə qanunla nəzərdə tutulmuş tələblərin icrası isə sərtləşdiriləcək. Bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, indiyədək bu sahədə qanun mövcud olsa da, icra mərhələsində müəyyən problemlər var idi.
“Şəhərdə hələ də həllini gözləyən çoxlu problem olduğu halda, vətəndaşların bir hissəsinin məqsədli şəkildə, vandallıq yolu ilə binaların fasadlarına ziyan vurduğu çoxsaylı hallar qeydə alınır. Son iki il ərzində vandallıq nəticəsində zədələnmə ilə bağlı təxminən 5 000 fakt qeydə alınıb. Bunlara binalar və qurğular, mədəni irs abidələri, müxtəlif qurumların binaları, metro stansiyalarının giriş-çıxışları, dayanacaqlar və s. daxildir. Bu istiqamətdə qanun artıq qüvvədədir, lakin onun sərtləşdirilməsi üçün parlamentə müraciət edəcəyik. Vandalizmin nəticələrinin aradan qaldırılmasına gəlincə, söhbət on milyonlarla lari məbləğindən gedir ki, bu da yenə sizin – sıravi vətəndaşların vəsaitidir və büdcədən xərclənməlidir; halbuki bu vəsaiti daha vacib problemlərin həllinə yönəldə bilərik”, – deyə Kaxa Kaladze bildirib.
Paytaxt meri “Tbilisi Bələdiyyə Müfəttişliyi”nin rəhbəri Gogi Çikovaniyə tapşırıq verib ki, bu istiqamət əsas prioritetlərdən birinə çevrilsin.
“Həmçinin ‘Tbilservis Qrupu’nun rəhbəri Giorgi Papavadan xahiş edirəm ki, sabahdan müvafiq işlərə başlasın və iki həftə ərzində binaların fasadları qaydaya salınsın. Biz daxili işlər naziri Geka Geladze və qurumun digər nümayəndələri ilə işgüzar görüş keçirdik, burada problemin həlli yollarını müzakirə etdik. Dəstəyə görə şəxsən nazirə təşəkkür edirəm. Müxtəlif dövlət qurumlarının belə problemlərin həllinə cəlb olunması son dərəcə vacibdir. Heç kimi cərimələmək bizi sevindirmir. Həmişə xahiş edirik ki, qanuna əməl edəsiniz, həddi aşmayaq, çünki bu şəhər hamımızındır. Xahiş edirik, binaların fasadlarına, parklara, skverlərə və ümumi istifadədə olan əmlaka ziyan vurmayın. Əks halda, qanunla üzərimizə düşən öhdəlikləri ciddi şəkildə icra etməli olacağıq”, – deyə Kaxa Kaladze qeyd edib.