Pavel Herçinski – Gürcüstan könüllü şəkildə Avropa İttifaqına üzv olmaq istəyini açıqlayıb və məhz Gürcüstan üzvlük meyarlarına cavab verdiyini bizə göstərməlidir

20:45, 04.11.2026

 

Bu gün təqdim olunan Genişlənmə Paketi olduqca aydın mənzərəni göstərir – genişlənmə prosesi irəli gedir. Avropa İttifaqının ali nümayəndəsi və vitse-prezidenti Kaia Kalas ilə Avropa komissarı Marta Kosun Brüsseldə bu yaxınlarda bəyan etdikləri kimi, bu il genişlənmə prosesi ötən 25 il ərzində istənilən digər mərhələ ilə müqayisədə daha çox nəticə əldə edib – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Genişlənmə Hesabatı ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu, təkcə namizəd ölkələrin və Avropa Komissiyasının deyil, həm də üzv dövlətlərin də nailiyyətidir.

“Şadam ki, bu üzv dövlətləri təmsil edən bir neçə həmkarımız bu qiymətləndirməni bizimlə bölüşür. Avropa İttifaqına üzvlük istiqamətində irəliləyiş yenə də obyektiv meyarlara və hər bir ölkənin öz nailiyyətlərinə əsaslanır. O cümlədən danışıqların əsas açar dəyərləri müəyyən edir. 2026-cı ilin Genişlənmə Paketi bu istiqamətdə daha bir mühüm addımdır.

Bu il əldə olunan irəliləyiş həmçinin namizəd ölkələrimiz arasında nə qədər mühüm fərqin olduğunu göstərir. Onlardan bəziləri Avropa İttifaqı üzvlüyünə doğru çox ciddi şəkildə irəliləyir. Digərlərində irəliləyiş kifayət qədər ləngdir, bəzi hallarda isə, təəssüf ki, biz daha çox geriləmə görürük. Bu fərqlər bizə siyasi qərarların və siyasi iradənin nə üçün bu qədər mühüm olduğunu göstərir.

Genişlənmə Paketi Avropa İttifaqının gələcəyinə aiddir. O, həmçinin Gürcüstanın bu gələcəkdəki yerinə aiddir. Ötən il ərzində Gürcüstanda müşahidə etdiyimiz fundamental dəyərlər istiqamətindəki cari geriləmə təsdiqləyir ki, Gürcüstan, təəssüf ki, Avropa İttifaqına namizəd ölkə kimi yalnız kağız üzərində qalır və namizəd statusunun, danışıqlaröncəsi mərhələnin verdiyi üstünlüklərdən yenə də imtina edir” – Herçinski açıqlayıb.

Bununla yanaşı, səfirin sözlərinə əsasən, “hakim partiya Gürcüstanda ölkənin Avropa İttifaqı yolunu zəiflətməyə, demokratik dəyərlərə, qanunun aliliyinə və fundamental dəyərlərə hücum etməyə, eləcə də dövlət hakimiyyətinin sonrakı mənimsənilməsinə şərait yaratmağa davam edir”.

“Getdikcə daha da repressivləşən qanunvericilik nəticəsində mülki məkanın daha da zəiflədilməsi həmçinin vacibdir. Hakimiyyət tərəfindən bəyan edilən Avropa İttifaqına üzv olmaq iradəsi onların tez-tez ifadə etdikləri düşmən, anti-Avropa ritorikası, manipulyativ narrativlər və konspirasiya nəzəriyyələri ilə ziddiyyət təşkil edir ki, bu da Avropa dəyərlərini zəiflədir və Avropa İttifaqı ilə bağlı əsas islahatları həyata keçirə bilmirlər. Konstitusiya Məhkəməsi vasitəsilə əsas müxalifət partiyalarını qadağan etmək cəhdləri Gürcüstan demokratiyasının əsaslarına təhdid yaradır. Avropa İttifaqının ali nümayəndəsinin qeyd etdiyi kimi, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə toqquşma yolunu seçib. Eyni zamanda, Avropa İttifaqının Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan uzunmüddətli dəstəyi mühkəm olaraq qalır. Həmçinin, Gürcüstan əhalisinin, gürcü xalqının Avropa seçiminə dəstəyimiz də fasiləsizdir. Əgər Gürcüstan hakimiyyəti kursunu dəyişməyə və Avropa İttifaqına üzvlüyün əsasını təşkil edən fundamental dəyərləri – demokratiyanı, qanunun aliliyini, insanın fundamental hüquqlarını – yenidən dəstəkləməyə qərar verərsə, Gürcüstanın Avropa yolu yenidən bərpa olunacaq.

Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyini könüllü şəkildə bəyan edib və məhz Gürcüstan üzvlük meyarlarına cavab verdiyini bizə göstərməlidir. Bir sıra genişlənmə hesabatları Gürcüstan hakimiyyətinə bu meyarların qarşılanması üçün nə edilməli olduğunu çatdırıb. Bu gün Gürcüstanın Avopa İttifaqına üzvlüyü de-fakto dayandırılıb. Ötən il ərzində Gürcüstanda vəziyyət daha da pisləşib. Demokratiya baxımından çox ciddi geriləmə var, qanunun aliliyi sürətlə aşınır və fundamental dəyərlərə məhdudiyyətlər qoyulur. Bütün bunlar Gürcüstanda qəbul edilmiş siyasi qərarların, edilən siyasi seçimlərin nəticəsidir. Qərarların əhəmiyyəti var, qərarların nəticəsi olur. Əgər Gürcüstan hakimiyyəti kursu dəyişməyə və yenidən demokratiya, qanunun aliliyi və fundamental dəyərlər yoluna qayıtmağa qərar verərsə, Avropa yolu Gürcüstan üçün açıq olaraq qalır. Bizim Gürcüstan xalqının Avropa maraqlarına dəstəyimiz yenə də fasiləsizdir” – Pavel Herçinski açıqlayıb.

Material sinxron tərcüməyə əsasən hazırlanıb.

Oxşar