Pavel Herçinski etiraz aksiyaları zamanı saxlanılmış şəxslərin ailə üzvləri ilə görüşüb
Pavel Herçinski etiraz aksiyaları zamanı saxlanılmış şəxslərin ailə üzvləri ilə görüşüb

 
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski etiraz aksiyaları zamanı saxlanılmış şəxslərin ailə üzvləri ilə görüşüb.

Görüş bitdikdən sonra saxlanılmış şəxslərin ailə üzvləri bildiriblər ki, onların ailə üzvlərinin hansı şəraitdə saxlanılması haqda səfirə məlumat veriblər. Onlar həbs zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq tətbiq edildiyini deyiblər.

Bununla yanaşı, saxlanılmış şəxslərin ailə üzvlərinin dediyi kimi, onlardan bəziləri səfiri sanksiyaların genişləndirilməsinə də çağırıb. Onlar Herçinskidən yardım vədi aldıqlarını bildiriblər, lakin konkret hansı addımların atılacağı hələlik bilinmir.

Saxlanılan Zviad Tsetsxladzenin atası Zurab Tsetsxladzenin sözlərinə görə, Avropa İttifaqının səfiri ölkədə gedən proseslərdən danışıb.

“Görüşdə bizə konkret olaraq bizim məsələ ilə bağlı, həbs prosesinin necə getməsi, həbsin necə həyata keçirildiyi, bu gün məhbusların ətrafında vəziyyətin necə olması haqda danışmaq imkanı verildi. Bu prosesləri tez bir zamanda məntiqi nəticəyə çatdırmaq və müəyyən nəticələr əldə etmək üçün nə etməliyik ? Söhbət bununla davam etdi. Mənim şəxsi xahişim ondan ibarət idi ki, Avropa İttifaqı bu prosesdə iştirak edən şəxslərin hamısına sanksiya tətbiq etsin, mümkün olan ən sərt təsir vasitələrindən istifadə etsin. İndiki rejimin ölkədəki proseslərin artıq bu şəkildə inkişaf edə bilməyəcəyi qənaətinə gəlməsi, qeyri-qanuni şəkildə saxlanılan girovların azad edilməsi və bu ölkəyə sülh gətirəcək yeni seçkilər təyin etmək kimi dövlət qərarını verməsi üçün hər şeyə mümkün qədər tez və sərt reaksiya vermələri bizim tələbimiz idi” – Zurab Tsetsxladze bildirib.