Partlayıcı qurğu barədə xəbərdarlığa görə bir neçə ölkədə təyyarələr plandankənar eniş ediblər
Londondan uçan sərnişin təyyarəsi partlayıcı qurğu barədə alınan xəbərdarlığa görə Varşava-Modlin Hava Limanına plandankənar eniş edib.
Qeyd olunan səbəbə görə Kopenhagendən gələn təyyarədə də yoxlama aparılıb.
Məlumatı “Reuters” nəşri yayır.
“Partlayıcı qurğunun mövcudluğu ehtimalı barədə xəbərdarlıq daxil olan təyyarə hazırda müvafiq xidmətlər tərəfindən yoxlanılır. Sərnişinlər və heyət üzvləri hava limanının zalında qalırlar və qərarı gözləyirlər” – rəsmi bəyanatda yazılıb.
İspaniyada, Mursia Hava Limanında Mançesterdən uçan “Ryanair” təyyarəsi qəza enişi edib. Rəsmi şəxsin sözlərinə əsasən, göyərtədə ümumilikdə 121 nəfər olub.
Partlayıcı qurğunun olması ilə bağlı elektron poçt vasitəsilə təhdid mesajını İsraildən havalanan təyyarə də alıb. Medianın məlumatına əsasən, təyyarə Bolqarıstanda, Sofia Hava Limanına enib.