Parlamentin yaxınlığında qoruyucu dəmir hasara ziyan vurmaq ittihamı ilə mayın 14-də saxlanılmış Saba Meparişvili və Omar Okribelaşvili ilə iddia sövdələşməsi bağlanılıb
Məhkəmə parlamentin girişindəki qoruyucu dəmir hasara ziyan vurmaqda təqsirləndirilən və ötən ilin mayında parlamentin yaxınlığında aksiyada saxlanılmış iki nəfər – Saba Meparişvili və Omar Okribelaşvili ilə iddia sövdələşməsi bağlayıb.
Hakim Natia Qudadze təqdim olunmuş ittihamlar üzrə Omar Okribelaşvili və Saba Meparişvilini təqsirli bilib. Onlar barəsində cəza olaraq 3 il müəyyən edilib, lakin amnistiya nəticəsində onların bu cəzası 2.6 il oldu, bundan məhkumlar 1,6 il faktiki cəza çəkməli olacaqlar, bir ili isə şərti cəza kimi müəyyən edilib, bu da o deməkdir ki, hər iki şəxs cəzaçəkmə müəssisəsində daha 10 ay keçirəcək.
Hakim təqsirləndirilən şəxslərdən günahlarını etiraf edib-etmədiklərini soruşdu, hər ikisi cavab verdi ki, günahlarını etiraf edirlər.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 14-də parlamentə bitişik ərazidə 19 və 23 yaşlı gəncləri saxlayıblar. Onlar qrup şəklində əşyaya ziyan vurmaqda ittiham olunurlar. İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər digər şəxslərlə birlikdə həm fiziki güc tətbiq etməklə, həm də dəmir əşya ilə parlamentin girişində yerləşən qoruyucu dəmir hasara qəsdən zərər vurublar. Cinayət üç ildən altı ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.