Parlamentin Müvəqqəti İstintaq Komissiyasının rəyi sentyabrda ictimailəşdiriləcək
Parlamentin Müvəqqəti İstintaq Komissiyasının rəyi sentyabrda ictimailəşdiriləcək

 

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının rəy layihəsi bu gün ictimailəşdirilməyəcək – bu barədə komissiyanın sədri Tea Tsulukiani yekun iclasda deyib.

Tsulukiani rəyin sentyabrda ictimailəşdiriləcəyini bildirib.

Bununla yanaşı, komissiya sədrinin qeyd etdiyi kimi, bugünkü iclasda komissiyanın üzvləri rəy layihəsini müzakirə edəcəklər və sonra onu təsdiq edəcəklər.

“Prosedur məsələsi cəmiyyəti yəqin ki, çox maraqlandırır. Komissiya üzvlərinin irəli sürdüyü fikirlərin ardından, bu gün bu rəy layihəsini səsverməyə çıxaracağıq, lakin rəy bu gün ictimailəşdirilməyəcək.

Prosedur belədir: sabah, avqustun 5-də, altı ayın sonunda komissiyamızın səlahiyyət müddəti başa çatır. İctimaiyyətə demək istəyirəm ki, altı ay bizim komissiyanın uydurduğu bir şey deyil. Pozuntuların miqyası, çox böyük cinayətlərin miqyası elədir ki, təbii ki, düşünə bilərsən ki, bu mövzunu bitirmək üçün niyə altı ay kifayətdir? lakin bu, bizdən asılı deyil. Qanun işi altı ay ərzində başa çatdırmağımıza məcbur edir. Ona görə də sabah bizim səlahiyyət müddətimiz başa çatır və bu rəy Gürcüstan Parlamentinin rəhbər orqanına, parlamentin bürosuna göndəriləcək. Büro plenar iclas təyin edəcək və orada biz, komissiya bu rəyi təqdim edəcəyik. Təxminlərimizə görə, bu, sentyabrın ilk günlərində baş verəcək. Məhz o zaman parlamentin plenar iclasında rəy ictimailəşdiriləcək. Üstəlik, bu rəyin bənd-bənd müzakirəsi olacaq. Çünki, Gürcüstan Parlamenti bu rəyi dinləməlidir. Parlament bu rəyi dinləmədən, təbii ki, biz onlar olmadan üçüncü şəxslərlə bu rəy barədə müzakirə apara bilmərik. Qayda belədir. Bu gün biz təsdiqləmək, fikir mübadiləsi aparmaq üçün toplaşmışıq” – Tea Tsulukiani bildirib.

Bununla yanaşı, iclasın əvvəlində Tea Tsulukiani müvəqqəti istintaq komissiyasının rəyinin hansı mövzulara şamil edildiyini izah edib.