Parlament "Ümumi Məhkəmələr haqqında" qanuna dəyişiklikləri dəstəkləyib
Gürcüstan Parlamenti “Ümumi məhkəmələr haqqında” qanuna dəyişikliyi, onu müşaiyət edən layihələrlə birlikdə üçüncü oxunuşda, sürətləndirilmiş qaydada müzakirə edib və 80 səslə qəbul edib.
Qanunvericilik dəyişiklikləri paketi ilə hakimlə qeyri-qanuni ünsiyyət subyektlərinin dairəsi genişlənir. Yeni tərifə əsasən, hakim və ya məhkəmə sisteminin müstəqilliyinə təsir etmək məqsədi ilə onunla qeyri-müvafiq ünsiyyət qurmağa cəhd edən istənilən şəxs qanunsuz ünsiyyətdə olan subyekt olacaq.
Bundan başqa, hakimə hər hansı formada təsir göstərilməsi və məhkəmənin müstəqilliyinin pozulmasının qarşısının alınması mexanizmi təkmilləşdirilir.
Qanunvericilik dəyişiklikləri ilə: İstənilən şəxs tərəfindən istənilən formada və istənilən şəraitdə hakimin statusu ilə bağlı hörmətsizlik ifadə etmək qadağan edilir; Məhkəmə aktları məhkəmənin yekun qərarı qanuni qüvvəyə mindikdən sonra ictimai informasiya şəklində istənilən maraqlı şəxs üçün əlçatan olacaq; Həm birinci və ikinci instansiya məhkəməsində, həm də Ali Məhkəmədə dar ixtisaslaşmanın həyata keçirilməsi mümkün olacaq; Bəzi vəzifələrdə hakimlərin səlahiyyət müddətləri artırılır; Ali Məhkəmənin sədrinin səlahiyyət çərçivəsi dəqiqləşdirilir; Ali Ədliyyə Şurasına Ali Məhkəmədə hakimlərin dar ixtisaslaşmasını müəyyən etmək səlahiyyəti verilir; Hakim tərəfindən elmi və ya pedaqoji fəaliyyətin həyata keçirilməsi, eləcə də hakim tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla nəzərdə tutulan xeyirin əldə edilməsi üçün Gürcüstanın Ali Ədliyyə Şurasından razılıq verilməsinin ətraflı qaydası müəyyən edilir.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.