Parlament toplantılar və nümayişlərlə bağlı inzibati xətalar və cinayət məcəllələrində təşəbbüsü irəli sürülən dəyişiklikləri qəbul edib
Gürcüstan Parlamenti toplantılar və nümayişlərlə bağlı inzibati xətalar və cinayət məcəllələrində təşəbbüsü irəli sürülən dəyişiklikləri qəbul edib. Üçüncü oxunuşda səsvermədə qanun layihəsini 80 deputat dəstəkləyib.
Dəyişikliklərə əsasən, toplantı və ya nümayişin iştirakçısı tərəfindən üzün maska ilə örtülməsi, gözyaşardıcı qaz və/və ya zəhərli maddələr daşınması, həmçinin yolun kəsilməsi və ya müvəqqəti konstruksiya qurulmasının ilk halı 15 günə qədər müddətə inzibati həbsə, xətanı törədənin təşkilatçı olması halında isə 20 günə qədər müddətə inzibati həbsə səbəb olacaq.
Bununla yanaşı, dəyişikliklərə əsasən, Gürcüstanın Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan toplantı və ya nümayişdə iştirakın birinci halı 60 günədək müddətə inzibati həbsə səbəb olacaq. Həmçinin, toplantı zamanı üzərində silah, pirotexniki vasitə daşıyan və ya başqa şəxslərin həyatına və sağlamlığına zərər vurmaq üçün istifadə edəcəyi əşyanı daşıyan şəxs 60 günədək müddətə inzibati həbs cəzasına məhkum ediləcək.
Bu cür qadağan olunmuş hərəkətlərin təkrar törədilməsi bir ilədək müddətə, üçüncü və hər bir sonrakı analoji qanunazidd əməl isə iki ilədək müddətə cinayət məsuliyyətinə cəlb olunmağa səbəb olacaq.
Həmçinin, Cinayət Məcəlləsinə hüquq-mühafizə orqanının əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə itaət etməyəcək şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan yeni maddə əlavə edilir.
Sözügedən şəxs bir ilədək müddətə azadlıqdan məhrum etmə, təkrar cinayət halında isə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək. Bununla yanaşı, başqa cəza növü tətbiq edilməyəcək.