Parlament sürət həddinin aşılmasına görə tətbiq edilən cərimələrin azaldılmasını dəstəkləyib
Parlament, müəyyən edilmiş hərəkət sürətinin aşılmasına görə tətbiq edilən cərimələrin azaldılmasını nəzərdə tutan “Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.
Plenar iclasda qanun layihəsini Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze təqdim edib.
Dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş hərəkət sürətinin 15 km/saatdan çox, lakin 30 km/saatdan çox olmamaqla aşılması, 100 lari əvəzinə 50 lari məbləğində cəriməyə səbəb olacaq; sürət həddinin 30 km/saatdan 50 km/saatadək aşılması 300 lari əvəzinə 100 lari məbləğində cəriməyə səbəb olacaq, 50 km/saatdan çox aşılmasına görə isə 300 lari məbləğində cərimə müəyyən edilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində ağac və kolluğa zərər vurulması 5000 lari əvəzinə 500 lari məbləğində cəriməyə səbəb olacaq.
Bundan başqa, gecə saat 01:00-dan səhər 06:00-dək – yəni ictimai nəqliyyatın hərəkət etmədiyi vaxtlarda – distribyuter avtomobillərinə yüklərin boşaldılması üçün avtobus zolağında dayanmaq hüququ veriləcək.