Parlament “Söz və ifadə azadlığı haqqında” qanuna və "Gürcüstanın Mülki Prosessual Məcəlləsi"nə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Parlament “Söz və ifadə azadlığı haqqında” qanuna və "Gürcüstanın Mülki Prosessual Məcəlləsi"nə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

 

Parlament “Söz və ifadə azadlığı haqqında” qanuna dəyişikliyi və “Gürcüstanın Mülki Prosessual Məcəlləsi”nə dəyişiklikləri üçüncü oxunuşda, sürətləndirilmiş qaydada qəbul edib.

Dəyişiklikləri 83 deputat dəstəkləyib.

“Söz və ifadə azadlığı haqqında” qanuna dəyişiklik özəl şəxsə və ictimai şəxsə yönəlik böhtanla bağlı məsələlərə aiddir. Xüsusilə, böhtanın izahatı dəqiqləşdirilir, ona əsasən, böhtan mahiyyət etibarı ilə yalan faktı ehtiva edən və şəxsin adına xələl gətirən bəyanatdır.

Bununla yanaşı, böhtanla bağlı məhkəmə davası zamanı məhkəmənin tərəflərin barışması üçün müəyyən etdiyi müddət hazırda qüvvədə olan 1 aydan 10 günə qədər azaldılır.

Mövcud tənzimləmələrə əsasən, hüquqi dava halında sübut yükü iddiaçının, yəni haqqında mahiyyət etibarı ilə yalan faktı ehtiva edən, adına xələl gətirən bəyanatın verildiyi şəxsin üzərinə düşür. Dəyişikliklərə əsasən, iddiaçının əvəzinə, cavabdeh, böhtanın müəllifi kimi məhkəmədə onun bəyanatının iddiaçı haqqında mahiyyət etibarı ilə yalan faktı ehtiva etmədini özü sübut etməlidir.

Dəyişiklik bu qanun qüvvəyə minənədək iddianın qaldırıldığı işlərə şamil edilməyəcək və onların icraatı bu qanun qüvvəyə minənədək qüvvədə olan qaydada başa çatdırılacaq.

“Gürcüstanın Mülki Prosessual Məcəlləsi”ndə edilən dəyişikliklərə əsasən, özünü böhtanın qurbanı hesab edən istənilən şəxs, onun haqqında böhtan xarakterli bəyanat verdiyini güman etdiyi şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

Şəxsin böhtan xarakterli hesab etdiyi bəyanatdan xəbər tutması və ya xəbərdar ola biləcəyindən sonra 100 gün ərzində məhkəmədə iddia qaldırmaq mümkündür. Şəxs ona vurulmuş maddi və/və ya qeyri-maddi (mənəvi) zərərin ödənilməsini iddia ilə tələb etmək hüququna malikdir” – Gürcüstan Parlamenti tərəfindən yayılmış məlumatda deyilir.