Parlament “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Parlament, üçüncü oxunuşda 81 səslə “Qrantlar haqqında” Gürcüstanın Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsini qəbul edib.
Dəyişikliklərin əsas mahiyyətini parlament üzvlərinə Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadze təqdim edib.
Qanun layihəsinə əsasən, Gürcüstanda qeydiyyatdan keçmiş sahibkarlıq subyekti – SC “Gürcüstanın Energetika İnkişaf Fondu” qrant verən subyekt kimi müəyyən edilir.
Bununla yanaşı, qeyd olunmuş fond qrant alan subyektlərin siyahısına əlavə olunur və müəyyən edilir ki, nizamnamə məqsədlərini həyata keçirmək üçün ona ötürülən vəsaitlər qrant kimi qəbul edilə bilər.
Layihə ilə həmçinin SC “Gürcüstanın Energetika İnkişaf Fondu” tərəfindən qrant alındığı təqdirdə, qrantın verilməsinə razılığın alınması və müvafiq sənədlərin təqdim edilməsi qaydası müəyyən edilir.
“Gürcüstanın Energetika İnkişaf Fondu” 2025-ci ildə Yaşıl İqlim Fondunun akkreditasiyasını əldə edib.
Yaşıl İqlim Fondu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının maliyyə mexanizmidir və ölkələrdə iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və adaptasiya tədbirləri ilə bağlı layihələri maliyyələşdirir. Bu fond iqlim dəyişikliyinin yumşaldılması və yaşıl iqtisadiyyatın inkişafı istiqamətində Gürcüstan üçün ən böyük tərəfdaş təşkilatlardan biri hesab olunur.