Parlament “Psixi sağlamlıq haqqında” qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib
Gürcüstan Parlamenti “Psixi sağlamlıq haqqında” qanuna dəyişikliyi aidiyyəti layihələrlə birlikdə birinci oxunuşda, sürətləndirilmiş qaydada müzakirə edib və 78 səslə dəstəkləyib.
Məsələni plenar iclasda müzakirə üçün Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini İrakli Şatakişvili təqdim edib.
Qanun layihəsinə əsasən, məcburi psixiatrik müalicənin aparılması, onun uzadılması əsaslarının qiymətləndirilməsi və pasiyentin stasionardan buraxılması qaydası dəyişdirilir.
Xüsusilə, məcburi psixiatrik müalicə təyin edildikdən sonra ayda bir dəfə psixiatriya müəssisəsinin xüsusi komissiyası müalicənin təyin edilməsinə əsas verən halların hələ də mövcud olub-olmadığını nəzərdən keçirir və müəyyənləşdirir; komissiyanın qərarından həm məcburi psixiatrik müalicə, həm də qeyri-könüllü psixiatrik müalicə halında inzibati qaydada şikayət edilə bilər.
Məcburi psixiatrik müalicə təyin edildikdən sonra altı ayda bir dəfə administrasiya komissiya tərəfindən qəbul edilmiş qərarı sənədlərlə birlikdə məhkəməyə göndərir və məhkəmə müalicənin təyin edilməsinə əsas verən halların hələ də mövcud olub-olmadığını nəzərdən keçirir.
Dəyişikliyə əsasən, müalicə edən həkim pasiyentin vaxtından əvvəl sağaldığını hesab edərsə, istənilən vaxt komissiyaya müraciət etmək hüququna malikdir.
Məlumatı Gürcüstan Parlamenti yayır.