Parlament “Lotereyalar, qumar və uduşlu oyunların təşkili haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib
Parlament “Lotereyalar, qumar və uduşlu oyunların təşkili haqqında” Gürcüstan Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsini və ondan irəli gələn dəyişikliklər layihəsini birinci oxunuşda müzakirə edib.
Qanunvericilik təşəbbüsünün müəlliflərindən biri, Parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvilinin bəyanatına əsasən, qanun layihəsi beynəlxalq qumar turnirlərinin təşkilinin tənzimlənməsinə aiddir və turnirlərin təşkili məsələlərini müəyyən edir.
Qanun layihəsinə əsasən, beynəlxalq qumar turniri kazino təşkili icazəsinə malik şəxs tərəfindən keçirilən və iştirakçılarının ümumi sayının azı 70%-ni xarici ölkə vətəndaşlarının təşkil etdiyi oyun kimi müəyyən olunur.
Layihə ilə təyin edilir ki, əgər təşkilatçı klub masasını yalnız beynəlxalq turnirin keçirilməsi üçün istifadə edərsə və turnirin mükafat fondu 3 milyon larini ötərsə, təşkilatçı oyun biznesi rüsumunu ödəməyəcək.
Qanun layihəsi ilə icazə şərtlərinin pozulması halında müvafiq məsuliyyət təyin olunur: beynəlxalq qumar turnirinin təşkili icazəsinin sahibi tərəfindən icazə şərtlərinin pozulması 50 000 lari məbləğində cəriməyə, səlahiyyətsiz şəxs tərəfindən beynəlxalq qumar turnirinin təşkili və/və ya keçirilməsi isə 150 000 lari məbləğində cəriməyə səbəb olacaq.
Şota Berekaşvilinin izahına əsasən, beynəlxalq qumar turnirlərinin təşkili turizm cəlbediciliyinin artırılmasına kömək edəcək və ölkəyə əlavə iqtisadi mənfəət gətirəcək.
Parlament qanun layihəsini birinci oxunuşda, təcili qaydada müzakirə edərək 8 əleyhinə olmaqla 74 səslə qəbul edib.
Məlumatı Gürcüstan Parlamenti yayıb.