Parlament qanunsuz miqrasiyaya qarşı qanunvericilik dəyişiklikləri paketini üçüncü oxunuşda dəstəkləyib
Qurumun məlumatına əsasən, parlament əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə beynəlxalq müdafiə verilməsi ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə və sığınacaq prosedurundan sui-istifadə hallarının qarşısının alınması məqsədilə Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “Beynəlxalq müdafiə haqqında” qanunvericilik dəyişiklikləri paketini üçüncü oxunuşda dəstəkləyib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, qanunvericilik dəyişiklikləri paketi Avropa Parlamenti və Şuranın direktivlərinə uyğun olaraq hazırlanıb.
“Dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunur – əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə onun Gürcüstana daxil olmasının qadağan edilməsi;
İnzibati Xətalar Məcəlləsinə yeni inzibati cəza növü əlavə olunur – əcnəbinin Gürcüstandan çıxarılması və onun Gürcüstana daxil olmasının qadağan edilməsi;
Gürcüstan ərazisində qalma qaydalarını pozan əcnəbilər üçün cərimələr artırılır;
Ölkədə qanunsuz şəkildə olan əcnəbilərin deportasiya proseduru əhəmiyyətli dərəcədə asanlaşır.
Sığınacaq prosedurundan sui-istifadə hallarının qarşısının alınması məqsədilə:
Ölkəyə daxil olduqdan bir ay müddətində sığınacaq tələb etməyən əcnəbilər üçün sığınacaqla bağlı məsələyə baxılması üçün sürətləndirilmiş prosedur tətbiq olunur;
Yeni mexanizm tətbiq olunur, ona əsasən, əcnəbinin Gürcüstana daxil olmasına icazə verilmədən, əgər əcnəbinin ölkəyə girişi dövlət təhlükəsizliyinə təhdid yaradırsa, Gürcüstan dövlət sərhədində sığınacaqla bağlı məsələyə baxılacaq.
Sığınacaqla bağlı məsələyə baxılması və şikayət müddətləri əhəmiyyətli dərəcədə azaldılır;
Qəbul edilmiş qərarların təqdim edilməsinin sadələşdirilmiş (elektron) qaydası tətbiq olunur, bu, şikayət müddətlərinə nəzarəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq;
Barəsində deportasiya məsələsi araşdırılan və ya Gürcüstandan deportasiya haqqında qərar qəbul edilən əcnəbiyə Gürcüstanda yaşamaq icazəsinin verilməsi məhdudlaşdırılacaq” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.