Parlament doğuşa görə ödənişli məzuniyyət və uşağa qulluq üçün ödənilən pul yardımına həbs qoyulmayacağını nəzərdə tutan dəyişikliyi birinci oxunuşda qəbul edib

16:42, 13.10.2026

 

Gürcüstan Parlamenti “İcra icraatı haqqında” Qanuna dəyişikliyi birinci oxunuşda müzakirə edib və 80 səslə dəstəkləyib. Məsələni plenar iclasda İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili təqdim edib.

Dəyişikliyə əsasən, hamiləlik və doğuşa görə ödənişli məzuniyyət, uşağa qulluğa görə ödənişli məzuniyyət dövründə Gürcüstanın dövlət büdcəsindən ödənilən pul yardımına, Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş məbləğ həddində həbs qoyulmayacaq və nəticə etibarı ilə icraya yönəldilməyəcək.

Gürcüstan hökumətinin müvafiq qərarına əsasən, hamiləlik və doğuşa görə ödənişli məzuniyyət, uşağa qulluğa görə ödənişli məzuniyyət dövründə ödənilən pul yardımının məbləği ümumilikdə maksimum 2000 lari həcmində müəyyən edilib.

Beləliklə, qanunvericilik dəyişikliyi qəbul ediləcəyi təqdirdə, borclu hamilə qadına/valideynə qarşı icra işi aparılarkən dövlət tərəfindən köçürülən dekret məzuniyyəti məbləği toxunulmaz olacaq.

Oxşar