Parisdə 24 metro stansiyası bağlanıb
Təhlükəsizlik məqsədilə Parisdə 24 metro stansiyası bağlanıb.
Fransanın “BFMTV” mediasının yazdığı kimi, metro stansiyaları yerli vaxtla səhər saat 09:00-dan etibarən bağlanıb.
Paris polis qərargahının sözçüsü paytaxtın küçələrindən artıq “təhlükəli əşyalar”ın götürüldüyünü bəyan edib. Elen Deneşerin qeyd etdiyi kimi, əşyalar arasında polisə qarşı istifadə üçün nəzərdə tutulmuş pirotexniki vasitələr olub.
“İl-de-Frans bölgəsinin bütün yollarında yoxlamalar aparılır. Polis qüvvələrinə qarşı istifadə olunması nəzərdə tutulan təhlükəli əşyalar, o cümlədən pirotexnika artıq götürülüb” – Paris polis qərargahının sözçüsü açıqlayıb.
Məlumat üçün bildirək ki, bu gün, oktyabrın 24-də Fransanın böyük şəhərlərində irimiqyaslı aksiyaların keçirilməsi planlaşdırılır. Yüksək yaşayış xərclərinin və yanacağın qiymətinin aşağı salınması, eləcə də təhsil müəssisələrindəki vəziyyətin yaxşılaşdırılması aksiya iştirakçısı olan tələbələrin və “sarı jiletlilər” hərəkatının üzvlərinin əsas tələbləri arasındadır.