Paris Meriyası əhalini və biznes obyektlərini zibil qutularını, velosipedləri və həyət mebellərini binanın daxilinə keçirməyə çağırır ki, fəallar bu kimi əşyalardan barrikadalar kimi istifadə etməsinlər
Paris Meriyası əhalini şənbə gününə planlaşdırılan etiraz aksiyaları zamanı “həddindən artıq ehtiyatlı” olmağa çağırır.
“Cümə axşamından başlayaraq şəhər ictimai yerlərdə bir neçə profilaktik tədbir görür, şənbə-bazar günlərində bələdiyyə personalının yerləşdirilməsini gücləndirir və əhalini, mağaza sahiblərini bir neçə sadə ehtiyat tədbiri görməyə çağırır” – meriya bildirib.
Bununla yanaşı, meriya vətəndaşları və biznes obyektlərinin sahiblərini şənbə günü günortadan başlayaraq zibil qutularını, velosipedləri və həyət mebellərini binanın daxilinə keçirməyə çağırır. Meriyanın bəyanatında, fəalların bu kimi avadanlıq və əşyalardan ziyan vurmaq, barrikadalar qurmaq və maneələr yaratmaq üçün istifadə etməsinin mümkün olduğu deyilir.
Fransa mediası yazır ki, şənbə-bazar günlərində başlayan iğtişaşlar zamanı Parisdə təxminən 450 biznes obyekti zərər görüb, onların yarısı isə qarət olunub. Həmçinin avtomobillər, velosipedlər və zibil qutuları yandırılıb və zərər görüb.