Paris Apellyasiya Məhkəməsi Namaxvani SES işi üzrə ENKA şirkətinə 400 milyon dollar ödənişin icrasını dayandırıb
Paris Apellyasiya Məhkəməsi Namaxvani SES işi üzrə ENKA şirkətinə 400 milyon dollar ödənişin icrasını dayandırıb

Paris Apellyasiya Məhkəməsi “Namaxvani SES” işi üzrə beynəlxalq arbitrajın qərarını təsdiqləyib, lakin Apellyasiya Məhkəməsi yekun hökm çıxaranadək Gürcüstanın ENKA şirkətinə 400 milyon dollar ödəməsini dayandırıb.

Söhbət 800 milyon dollarlıq “Namaxvani SES” layihəsindən gedir. Layihənin tikintisi ilə bağlı Gürcüstan hökuməti və ENKA şirkəti 2019-cu ildə müqavilə imzalayıb.

Qərara əsasən, layihə yerli əhalinin və ekoloqların etirazları fonunda dayandırılıb. Bundan sonra ENKA 2021-ci ildə Gürcüstan tərəfinin öhdəlikləri pozduğunu əsas gətirərək müqaviləni birtərəfli qaydada ləğv edib. Şirkət 2022-ci ildə kompensasiya tələbi ilə beynəlxalq arbitraja müraciət edib. 2024-cü il 13 noyabr tarixində arbitraj tribunalı yekun qərar qəbul edib, 2025-ci il 6 yanvar tarixində isə düzəliş edilib. Tribunal müqavilənin ləğvini qanuni sayıb və Gürcüstanı ENKA-ya təxminən 400 milyon ABŞ dolları ödəməyə məcbur edib.

Gürcüstan hökuməti Paris məhkəməsinə üç tələb təqdim edib: qərarın ləğvi, icra icazəsinin rədd edilməsi və ödənişin dayandırılması. ENKA isə icra icazəsi istəyib.

Məhkəmə əvvəlcə qərarın icrasına icazə verib. Lakin daha sonra ödənişin dayandırılması məsələsinə baxıb. Gürcüstan tərəfi bildirib ki, 400 milyon dollar dövlətin müdafiə büdcəsinin 60 faizinə və Ədliyyə Nazirliyinin büdcəsinin 250 faizinə bərabərdir.

Məhkəmə bu arqumenti qəbul edərək qeyd edib ki, məbləğin dərhal ödənilməsi “dövlət işlərinin suveren idarə olunmasına ciddi zərər vura bilər”.

Eyni zamanda, məhkəmə ENKA-nın statusunu da nəzərə alıb – şirkətin yalnız “Namaxvani SES” layihəsi üçün yaradıldığını, müqavilə ləğv edildikdən sonra iqtisadi fəaliyyət göstərmədiyini və əhəmiyyətli aktivlərə malik olmadığını bildirib. Bu isə o deməkdir ki, yekun qərar ləğv olunacağı təqdirdə, ödənilmiş məbləğin geri qaytarılması praktik olaraq mümkün olmaya bilər.

Bu iki amili nəzərə alaraq, məhkəmə yekun qəraradək ödənişi tam şəkildə dayandırıb