Paata İmnadze - “Soplis Nobati” süd nümunələrində aşkarlanan aflatoksin miqdarı kəskin zəhərlənməyə səbəb ola bilməz
Paata İmnadze - “Soplis Nobati” süd nümunələrində aşkarlanan aflatoksin miqdarı kəskin zəhərlənməyə səbəb ola bilməz

“Soplis Nobati” süd nümunələrində aşkarlanan aflatoksin miqdarı kəskin zəhərlənməyə səbəb ola bilməz. Onun qaraciyərdə və ya digər ağır xəstəliklərə səbəb olması üçün uzun müddət və yüksək dozada qəbul olunması lazımdır. Bu miqdar isə – hansı ki, bir çox inkişaf etmiş ölkələrdə icazə verilən həddən daha aşağıdır – belə bir təhlükə yaratmır, – bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin rəhbəri Paata İmnadze Səhiyyə Nazirliyində keçirilmiş görüş zamanı bildirib.

Səhiyyə naziri Mixeil Sarcveladze toksikoloqlar və ekspertlərlə görüş keçirib. Görüşdə səhiyyə nazirinin birinci müavini İrakli Sasania, Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavini Apolon Kakabadze və Qida Təhlükəsizliyi Milli Agentliyinin rəhbəri Zurab Çekurişvili iştirak ediblər.

Paata İmnadzenin sözlərinə görə, aflatoksinlərlə bağlı hər ölkədə fərqli normativlər mövcuddur. Onun bildirdiyinə görə, Gürcüstan Avropa normativlərinə əsaslanır və bu normativlər ABŞ-dakı normativlərdən 10 dəfə sərtdir.

Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumata əsasən, görüşdə bildirilib ki, Qida Təhlükəsizliyi Milli Agentliyi nəzarəti davam etdirəcək.

Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavininin sözlərinə görə, Qida Təhlükəsizliyi Milli Agentliyi hər gün yüzlərlə müxtəlif adda məhsulu yoxlayır ki, əhaliyə yalnız təhlükəsiz məhsullar təqdim olunsun.

Bu gün Qida Təhlükəsizliyi Milli Agentliyi məlumat yayıb ki, “Soplis Nobati” süd nümunələrində aflatoksin aşkar edilib və vətəndaşlara bu südü istifadə etməmələri tövsiyə olunub. Agentliyin məlumatına görə, “Soplis Nobati”-nin idxal etdiyi südün beş nümunəsi bazardan yığışdırılır və möhürlənir. Bununla yanaşı, “Soplis Nobati” şirkəti də bəyanat yayıb: “Azərbaycanda tərəfdaşlarımız tərəfindən istehsal edilən südün kiçik bir partiyasını satışdan çıxarırıq. Məhsul təhlükəli deyil, lakin onun bəzi yerli tələblərə uyğun gəlməməsi ehtimalı var”.

Paata İmnadzenin şərhini Səhiyyə Nazirliyi yayıb.