Oyun biznesi sahəsində icazə şərtlərinin yerinə yetirilməməsinə görə tətbiq olunan cərimələrin artırılması planlaşdırılır
Oyun biznesi sahəsində icazə şərtlərinin yerinə yetirilməməsinə görə tətbiq olunan cərimələrin artırılması planlaşdırılır. Müvafiq dəyişikliklər büronun bugünkü iclasında irəli sürülən “Lotereyalar, azartlı və uduşlu oyunlar haqqında” qanuna daxil edilib.
Qanun layihəsinə əsasən, kazinonun təşkili icazəsinə malik olanlar üçün cərimə məbləği 7 000 lari əvəzinə 20 000 lari; oyun avtomatları salonunun təşkili icazəsinə malik olanlar üçün cərimə məbləği 1 000 lari əvəzinə 10 000 lari müəyyən ediləcək; qumar klubunun təşkili icazəsinə malik olanlar üçün cərimə məbləği 2 000 lari əvəzinə 10 000 lari müəyyən ediləcək. Azartlı və ya uduşlu oyunların təqdim edilməsi icazəsinə malik olanlar üçün cərimə məbləği 2 000 lari əvəzinə 10 000 lari təşkil edəcək. Elektron-sistem formasında kazino, oyun avtomatları və totalizator oyunlarının təşkili icazəsinə malik olanlar üçün isə cərimə 7 000 lari əvəzinə 20 000 lari müəyyən ediləcək.
“Hazırda tətbiq olunan cərimələrin məbləği real çəkindirici funksiyanı yerinə yetirə bilmir, risklərin effektiv qarşısının alınmasını təmin edə bilmir və müvafiq olaraq, icazə sahibləri (təşkilatçılar) üçün əksər hallarda icazə şərtlərini pozmaq və sonradan cərimə ödəmək müəyyən edilmiş tələblərə tam əməl etməkdənsə, iqtisadi cəhətdən daha məqsədəuyğundur. Bundan irəli gələrək, təqdim olunan qanun layihəsinin məqsədi oyun biznesi sahəsində tənzimləmələrin icrasını sərtləşdirmək və hüquqi məsuliyyəti artırmaqdır. Bununla yanaşı, düzəliş istehlakçı hüquqlarının müdafiəsini gücləndirməyə yönəlib” – hökumətin hazırladığı layihədə deyilir.