“Öyrən və işlə” layihəsinə qeydiyyat başlayır. Proqrama 22 yeni peşə kursu əlavə olunur

11:07, 07.10.2026

Tbilisi meriyasının uğurlu layihələrindən biri olan “Öyrən və işlə” proqramına qeydiyyat başlayır.
Tbilisi meri Kaxa Kaladzenin paytaxt hökumətinin iclasında verdiyi məlumata görə, proqram Tbilisidə qeydiyyatda olan vətəndaşlara əmək bazarında tələbat olan ixtisaslar üzrə qısamüddətli peşə kurslarında təhsil almağa, ixtisaslarını artırmağa və özəl sektorla əməkdaşlıq çərçivəsində işlə təmin olunmağa kömək edir.

Kaxa Kaladze bildirib ki, hazırda bir çox insan iş axtarır, eyni zamanda biznes sektorunda ixtisaslı və peşəkar kadrlara ehtiyac var. Onun sözlərinə görə, meriya biznes nümayəndələri ilə fəal əməkdaşlıq edir və əmək bazarında hansı istiqamətlər üzrə kadr çatışmazlığının olduğunu dəqiq müəyyənləşdirir.

“Vətəndaşlara yenidən təhsil almaq, ixtisaslarını artırmaq imkanı veririk, eyni zamanda onların işlə təmin olunmasına kömək edirik. Bazarın tələblərinə uyğun olaraq kurslar daim yenilənir. Cari semestrdə proqrama 22 yeni peşə kursu əlavə olunacaq”, – deyə Kaxa Kaladze bildirib.

Bundan əlavə, Tbilisi meri proqram çərçivəsində daha bir yenilik – ödənişli təcrübə xidmətinin tətbiq olunacağını açıqlayıb.

“Proqram çərçivəsində daha bir mühüm yeniliyimiz var. Vətəndaşların işlə təmin olunmasına dəstək məqsədilə proqrama ödənişli təcrübə xidməti əlavə edilir. Bu o deməkdir ki, kursu uğurla başa vuran iştirakçı təcrübə keçəcək və bu təcrübə ödənişli olacaq”, – deyə Kaxa Kaladze qeyd edib.

Bununla yanaşı, karyera məsləhəti xidməti də davam etdiriləcək. Cari semestrdə proqramın bütün iştirakçılarına müvafiq karyera məsləhətləri veriləcək.

Kaxa Kaladzenin məlumatına görə, proqramda iştirak etmək istəyənlərin qeydiyyatı cari ilin 7 oktyabrından 21 oktyabr tarixinədək www.dasakmdi.ge internet səhifəsində aparılacaq.

Tbilisi meri tədris təşkilatlarına proqrama cəlb olunmaları və göstərdikləri dəstəyə görə təşəkkür edib.

Proqramda 16 yaşdan yuxarı, Tbilisidə qeydiyyatda olan istənilən Gürcüstan vətəndaşı iştirak edə bilər. Təhsil xərcləri Tbilisi meriyası tərəfindən tam maliyyələşdirilir.

Oxşar