Orsk şəhərində Ukrayna dronlarının hücumundan sonra neft emalı zavodunun fəaliyyəti dayandırılıb. Vilayət qubernatorunun sözlərinə görə, bərpa işlərinin altı ayadək davam etməsi mümkündür

17:18, 13.08.2026

Orsk şəhərində yerləşən neft emalı zavodu Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra fəaliyyətini dayandırıb. Bu barədə Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev məlumat yayıb.

“Dağıntıya səbəb olan elementlər əsas infrastruktura çatıb və hazırda onun bərpası mümkün deyil”, – deyə region rəhbəri bildirib.

Onun sözlərinə görə, zavodda idxal olunmuş avadanlıqlar quraşdırılıb və beynəlxalq sanksiyalar şəraitində onların əvəzlənməsi çətindir.

Yerli hakimiyyət orqanları təmir işlərinin altı aya qədər davam edə biləcəyini bildirir. Qubernator qeyd edib ki, region “ən pis ssenariyə” hazırlaşır. Onun sözlərinə görə, yanacağın digər regionlardan gətirilməsi lazım gələcək.

“Logistikanın yenidən qurulması prosesi artıq başlayıb. Regionda fəaliyyət göstərən 287 yanacaqdoldurma məntəqəsinin hazırda 80 faizi işləyir. Bu gün prioritet xüsusi təyinatlı nəqliyyat vasitələridir”, – deyə qubernator bildirib.

Yevgeni Solntsevin sözlərinə görə, hazırda regiondakı yanacaqdoldurma məntəqələrində vəziyyət “hər yerdə asan deyil, lakin nəzarət altındadır”.

Qeyd edək ki, Orsk neft emalı zavodu avqustun 11-nə keçən gecə dronların hücumuna məruz qalıb. Ukraynanın monitorinq kanallarının məlumatına görə, “Orsknefteorgsintez” neft emalı zavodunda neftin ilkin emalı qurğusu zədələnib.

Oxşar