Oni şəhərinin girişində hərəkət müvəqqəti olaraq dolama yola yönəldiləcək
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, respublika əhəmiyyətli Kutaisi (Coma)–Alpana–Mamisoni aşırımı avtomobil yolunun 107-112-ci km-lik hissəsində mövcud sürüşmə zonasının bərpası və mühafizə işlərinin aparılması məqsədilə 2026-cı ilin iyulun 11-dən avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Onların məlumatına əsasən, bu müddət ərzində Oni şəhərinin girişində hərəkət xüsusi olaraq salınmış dolama yola yönəldiləcək.
İşlərin gedişatı dövründə Oni istiqamətində nəqliyyatın hərəkəti respublika əhəmiyyətli Saçxere (Sareki)–Uzunta–Şkmeri–Zudali, eləcə də yerli və respublika əhəmiyyətli Qupta–Oni avtomobil yolları vasitəsilə və əksinə həyata keçiriləcək.
Bununla yanaşı, Avtomobil Yolları Departamentinin məlumatına əsasən, yerli əhəmiyyətli avtomobil yolunda maksimal icazə verilən çəkisi 8 tonu keçən nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.
“Cari ilin mayın 1-də Oni şəhərinin girişində, dağ yamacında inkişaf edən sürüşmə prosesləri nəticəsində avtomobil yolunun hərəkət hissəsi zədələnib. Vəziyyətin qiymətləndirilməsi və müvafiq texniki qərarların hazırlanmasında geoloqlar, layihə təşkilatının nümayəndələri və digər müvafiq mütəxəssislər iştirak ediblər.
Hərəkətin fasiləsizliyini təmin etmək üçün paralel olaraq müvəqqəti alternativ yol salınıb və artıq asfalt örtüyü döşənib. Bu, əhaliyə və digər hərəkət iştirakçılarına əsas yolda işlərin getdiyi müddətdə alternativ marşrutdan maneəsiz istifadə etmək imkanı verəcək.
Oni şəhərinin girişində sürüşmə proseslərinin stabilləşdirilməsi və yolun bərpası işləri intensiv şəkildə davam etdiriləcək ki, bütün təhlükəsizlik tələblərinə riayət olunmaqla hərəkət ən qısa müddətdə bərpa edilsin” – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.