Oni Bələdiyyəsində Şkmeri-Mravaldzali avtomobil yolunun tikintisinə başlanılıb
Gürcüstan hökumətinin sərəncamı əsasında, Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Oni Bələdiyyəsində yerli əhəmiyyətli, uzunluğu 9 kilometrdən çox olan Şkmeri-Mravaldzali avtomobil yolunun tikintisinə başlayıb.
İnfrastruktur Nazirliyi, Şkmeri-Mravaldzali yolunun bərpasının Raca regionu üçün ən vacib infrastruktur layihələrindən biri olmasına dair məlumat verir.
“Yüksək dağlıq relyefdə yerləşən Şkmeri və Mravaldzali həm tarixi-mədəni, həm də turistik əhəmiyyəti ilə seçilir. Hər iki kənddə qədim kilsələr yerləşir, Şkmeri kəndində isə kanyon, karst mağarası və hər il çoxlu sayda yerli və xarici ziyarətçini cəlb edən digər təbiət abidələri mövcuddur. Mövcud çınqıl yol əhəmiyyətli dərəcədə zədələnib, bu da həm yerli əhali, həm də turistlər üçün hərəkəti çətinləşdirir. Quru hava şəraitində yolda tozlanma yüksək olur, yağıntılı dövrdə isə gediş-gəliş daha da mürəkkəbləşir. Layihə başa çatdıqdan sonra əhali və ziyarətçilər təhlükəsiz, rahat və maneəsiz hərəkət edə biləcəklər. Yenilənmiş yol infrastrukturu turizm potensialından tam istifadə olunmasına və yeni iqtisadi imkanların yaradılmasına kömək edəcək. İşlərin dəyəri 23 milyon lariyə qədərdir, layihənin başa çatdırılması isə 2028-ci ilin sonuna nəzərdə tutulub” – yayılan məlumatda deyilir.