Olaf Şolts, Avropa İttifaqının xaricində miqrant mərkəzlərinin yaradılmasının Almaniya kimi böyük bir ölkə üçün çıxış yolu olmadığını bildirir
Almaniyanın kansleri Olaf Şolts, İtaliyanın etdiyi kimi Avropa İttifaqının xaricində miqrant mərkəzlərinin yaradılmasının Almaniya üçün çıxış yolu olmadığını bildirir. Bu haqda Olaf Şolts digər məsələlərlə yanaşı miqrasiya məsələsinin də müzakirə olunacağı Avropa İttifaqının sammitinə gedərkən deyib.
“Yalnız kiçik bir hissəni təmsil edən anlayışlar aydındır, əgər rəqəmlərə baxsaq, əslində Almaniya kimi böyük bir ölkə üçün çıxış yolu deyil. Ötən il qeyri-qanuni şəkildə 300 min insan Almaniyaya gəlib. Bu həddən artıq çoxdur. Biz çox açıq deyirik: bizə ixtisaslı işçi qüvvəsi üçün immiqrasiyaya icazə verməklə iqtisadiyyatımızın gələcək davamlılığını təmin edən sistem lazımdır. Biz bunu qanunlarımızla mümkün etdik” – Şolts bildirib.
Məlumat üçün bildirək ki, Roma və Tirana arasındakı ikitərəfli razılaşmaya əsasən, oktyabrın 11-də Albaniyada miqrantlar üçün iki müvəqqəti yerləşdirmə mərkəzi istifadəyə verilib. Bu razılaşma çərçivəsində dünən İtaliyadan ilk miqrant qrupu Albaniyaya gətirilib. Miqrantların birinci qrupu Liviyadan qayıqlarla qeyri-qanuni şəkildə İtaliyaya keçməyə cəhd edən 16 nəfərdən ibarətdir. Onlar sənədlərin imzalanması başa çatana qədər müvəqqəti yerləşdirmə mərkəzində qalacaqlar. Sığınacaq istəyinə müsbət cavab verildiyi təqdirdə İtaliyaya, mənfi cavab verildiyi təqdirdə isə vətənlərinə qaytarılacaqlar.