Nyu-York ştatında qızılcaya yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət elan edilib
ABŞ-da Nyu-York ştatında qızılcaya yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Ştatın Səhiyyə Departamentinin məlumatına əsasən, bu il Nyu-York ştatında yoluxucu xəstəliyə 100-dən çox yoluxma halı qeydə alınıb, yerli səhiyyə departamentləri isə profilaktika məqsədilə qızılca, məxmərək və parotit əleyhinə vaksinin 1 000-dən çox dozasından istifadə ediblər.
Nyu-Yorkun qubernatoru Keti Hoçul qızılca ilə mübarizə üçün fövqəladə vəziyyət elan edib. O, peyvəndin sınaqdan keçirilməsi və tətbiqi icazəsi olan səhiyyə mütəxəssislərinin sayının artırılacağını, paramediklər və əczaçıları əhatə edəcəyini, tibb bacılarına isə test təyin etmək hüququ veriləcəyini bildirib.
“Bu fövqəladə tədbirlər Nyu-York sakinlərini qoruyacaq və bu xəstəliyin yayılmasına qarşı mübarizə üçün yorulmadan çalışan tibbi heyətimizə dəstək olacaq” – Hoçul bildirib.
Fövqəladə vəziyyət ən azı noyabrın 4-dək qüvvədə qalacaq. Bununla yanaşı, Nyu-York ştatı ilə həmsərhəd olan Pensilvaniyada bu il qızılca xəstəliyindən beş nəfər dünyasını dəyişib və 1 000-dən çox yoluxma halı qeydə alınıb.