Noyabrın 1-dən Avropa İttifaqı bazarına daxil olan bütün bağlamalara 2 avroluq gömrük xidməti rüsumu tətbiq ediləcək
Avropa İttifaqı noyabrın 1-dən bazarına daxil olan bütün bağlamalara 2 avroluq gömrük xidməti rüsumu tətbiq edəcək.
Bu barədə məlumatı “Euronews” yayır.
Buna qədər, iyul ayında dəyəri 150 avrodan az olan kiçik bağlamalara şamil edilən 3 avroluq gömrük vergisi qüvvəyə minmişdi. Bu, müvəqqəti tədbirdir və 2028-ci ilə — gömrük nəzarətinin yeni informasiya sistemi fəaliyyətə başlayanadək qüvvədə olacaq.
“Euronews”un məlumatına əsasən, yeni tədbirlərin qəbul edilməsinə Çin onlayn platformalarından, o cümlədən “Temu”, “Shein” və “AliExpress”dən ucuz məhsul idxalının kəskin artması səbəb olub.
Yeni 2 avroluq rüsum dəyərindən asılı olmayaraq bütün bağlamalara şamil ediləcək. Vəsait gömrük nəzarəti ilə bağlı xərclərin qarşılanmasına sərf olunacaq və artıq qüvvədə olan 3 avroluq vergiyə əlavə ediləcək.
Rüsumu onlayn platformalar, satıcılar və ya daşıyıcı şirkətlər ödəyəcəklər. Məbləği Avropa İttifaqının 27 üzv ölkəsi toplayacaq. Əldə olunan gəlirin 75%-i Avropa İttifaqının büdcəsinə köçürüləcək, qalan 25%-i isə üzv ölkələrdə qalacaq.