Norveç parlamenti ölkə siyasətçiləri və diplomatlarının Ceffri Epşteynlə əlaqələrini araşdırır
Norveç parlamenti ölkə siyasətçiləri və diplomatlarının Ceffri Epşteynlə əlaqələrini araşdırır. Norveç parlamenti açıq dinləmələrə başlayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Reuters”in yazdığına görə, Nobel Sülh Mükafatının təqdim edildiyi və tez-tez beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən biri kimi çıxış edən Norveçdə ciddi qarşıdurma və problemlər yaranıb. Bu vəziyyət parlament dinləmələrinin və polis araşdırmasının başlamasına səbəb olub.
Norveç parlamentinin Nəzarət və Konstitusiya Məsələləri Komitəsi xarici işlər və inkişaf məsələlərinə cavabdeh olan 11 hazırkı və keçmiş naziri, o cümlədən baş nazir Yonas Qahr Störeni komitəyə çağırıb. Störe 2005-2012-ci illərdə xarici işlər naziri vəzifəsini tutub.
Störe dinləmə zamanı bir daha Epşteynlə heç vaxt şəxsi münasibətlərinin olmadığını bildirib və problemlərin ayrı-ayrı şəxslərlə bağlı olduğunu, Xarici İşlər Nazirliyinin sistemli çatışmazlıqlarından qaynaqlanmadığını qeyd edib.
Bununla yanaşı, parlament sənədlərdə ortaya çıxan məsələləri və faktları araşdırmaq üçün elm və hüquq ekspertlərindən ibarət müstəqil komissiya yaradıb. “Reuters”in məlumatına görə, bu addımın məqsədi “Norveç hakimiyyətinin fəaliyyətinin dürüstlüyünü və şəffaflığını yaxşılaşdırmaqdır”.
Nadir hallarda yaradılan bu istintaq komissiyası nəticələrini 2028-ci ilin əvvəlində təqdim edəcək.