Norveç deportasiya olunmuş ukraynalı uşaqların axtarışı və əsirlərə kömək üçün maliyyə yardımı ayırır
Norveç Rusiyanın deportasiya etdiyi ukraynalı uşaqların axtarışı və vətənə qaytarılması, həmçinin hərbi əsirlərə və azadlıqdan məhrum edilmiş dinc sakinlərə kömək etmək üçün maliyyə yardımı ayırır.
“Ukrainska Pravda”nın məlumatına əsasən, Norveç hökuməti tərəfindən ayrılan 2.3 milyon avro BMT-nin Uşaq Fondu və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə köçürüləcək.
Norveç hökumətinin məlumatına əsasən, 1,4 milyon avro Ukraynaya qaytarılan uşaqların reinteqrasiyası və itkin düşmüş uşaqların axtarılması üçün ayrılır.
921 min avrodan çox vəsait isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyinə ayrılacaq. Qurumun məqsədi insanların itkin düşməsinin qarşısını almaq, eləcə də əsir götürülmüş, qətlə yetirilmiş və ya itkin düşmüş vətəndaşlar haqqında məlumatları toplamaq və ailələrinə çatdırmaqdır.
Məlumat üçün bildirək ki, Norveç sentyabrın 28-29-da Torontoda keçirilən konfransın həmtəşkilatçısıdır. Media, Norveçin konfransdakı məqsədinin beynəlxalq diqqəti sözügedən məsələyə cəlb etmək olduğunu yazır.