Nikuşor Dan – Rusiyadan gələn təhlükə yalnız Ukrayna ilə məhdudlaşmır, Rumıniya bu müharibənin nəticələrini, o cümlədən hava məkanımızın dəfələrlə pozulması səbəbindən birbaşa hiss edib
Rumıniya Prezidenti Nikuşor Dan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində çıxışı zamanı Rumıniyanın Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.
O, Rusiya-Ukrayna müharibəsinin Rumıniyaya da birbaşa təsir etdiyini, o cümlədən ölkənin hava məkanının dəfələrlə pozulduğunu deyib.
“Biz Rusiyanın Ukraynaya qarşı apardığı qanunsuz, əsassız və heç bir təhrik olmadan başlanan tammiqyaslı təcavüzkar müharibəsinin beşinci ilinə qədəm qoyduq. Bu müharibə bütün BMT ictimaiyyətinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsuliyyətini həvalə etdiyi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə tərəfindən başladılıb. O, öz fundamental öhdəliyini şüurlu şəkildə rədd etdi. Ukrayna ilə ən uzun sərhədə malik Avropa İttifaqı üzvü olan dövlət kimi Rumıniya bu müharibənin nəticələrini, o cümlədən hava məkanımızın dəfələrlə pozulması səbəbindən birbaşa hiss edib. Bir neçə ay əvvəl dron ərazimizdəki yaşayış binasına düşdü və nəticədə insanlar xəsarət aldı. Bu, bənzər insidentlər seriyasından yalnız bir haldır. Əvvəl də demişik və yenidən təkrar edirik: Rumıniya Ukraynanı və onun xalqını qanuni özünümüdafiə hüququndan istifadə etdikləri müddətcə, nə qədər ehtiyac olarsa, dəstəkləyəcək” – Nikuşor Dan bildirib.
Rumıniya Prezidentinin bəyanatına əsasən, Rusiyadan gələn təhlükə yalnız Ukrayna ilə məhdudlaşmır.
“Rusiya Federasiyasından gələn təhlükə yalnız Ukrayna ilə məhdudlaşmır. Avropa hibrid müharibənin hədəfidir. Bu müharibəyə kiberhücumlar, dezinformasiya kampaniyaları, təxribatlar və kritik infrastrukturun fəaliyyətinin pozulması daxildir. Onların məqsədi vətəndaşların demokratik təsisatlara inamını sarsıtmaq və Ukraynaya olan dəstəyi azaltmaqdır. Biz Rusiyadan gələn təhlükənin qarşısını almalıyıq və təəssüf ki, bunu yalnız hərbi xərcləri artırmaqla edə bilərik” – Nikuşor Dan bildirib.
Bununla yanaşı, Rumıniya Prezidenti sosial şəbəkələr vasitəsilə demokratiyalara təsir göstərilməsi təhlükəsindən danışıb.
“Diqqətinizi demokratiyalarımız üçün mövcud olan və fikrimcə, kifayət qədər diqqət yetirilməyən bir təhlükəyə yönəltmək istəyirəm – bu, sosial şəbəkələr vasitəsilə edilən manipulyasiyadır. Demokratiyanın fundamental prinsipi budur: bir insan, bir səs, bir seçim. Lakin minlərlə saxta hesab koordinasiyalı şəkildə hərəkət edirsə, fərdi səs artıq eşidilmir və söz azadlığı pozulur. Minlərlə saxta hesab koordinasiyalı şəkildə konkret bir insanın ifadə etdiyi fikirlərə qarşı çıxırsa, onlar başqalarının da bu şəxsin təşəbbüsünə qoşulmasına maneə olurlar və beləliklə, birliyin azadlığı da pozulur. BMT Nizamnaməsinin prinsiplərinə əməl olunması vacibdir və bu öhdəliklər mücərrəd deyil” – Nikuşor Dan bildirib.