Nikoloz Samxaradze – Avropa Şurasında Gürcüstana Avropa Parlamentində hücum edən eyni partiyalar və qruplar təmsil olunur, bir qəlibdən çıxmış siyasətdir
Avropa Şurasının qətnaməsində prezident sarayına edilən hücum, polislərin yaralanması və seçkilərə müdaxilə yer almayıb – bu barədə Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.
Onun sözlərinə əsasən, qətnamələrin və sənədlərin heç bir əhəmiyyəti yoxdur.
“Əlbəttə, bu, bir qəlibdən çıxmış siyasətdir. Avropa Şurasında Gürcüstana Avropa Parlamentində hücum edən eyni partiyalar və qruplar təmsil olunur. Yeri gəlmişkən, bu insanlar digər assambleyalarda da eyni prosesləri yürütməyə çalışırlar. Bu, məqsədyönlü hücumdur, çünki onların gətirdikləri faktların heç biri təsdiqini tapmır və tapa da bilməz. Qətnamədə prezident sarayına hücum, polislərin yaralanması, seçkilərə müdaxilə və sair məsələlər yer almayıb. Gürcü cəmiyyəti kimin və hansı səbəbdən bu qətnamələri yazdığını çox yaxşı görür, bu sənədlərin heç bir əhəmiyyəti yoxdur” – Samxaradze bildirib.
Məlumat üçün bildirək ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib. Qətnaməni Parlament Assambleyasının 83 üzvü dəstəkləyib, beş üzvü əleyhinə səs verib, dördü isə bitərəf qalıb.