Nikoloz Samxaradze Roma Papası və Vatikanın dövlət katibi ilə görüşüb
Nikoloz Samxaradze Roma Papası və Vatikanın dövlət katibi ilə görüşüb

 

İtaliyaya səfəri çərçivəsində Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Vatikanın dövlət katibi, kardinal Pietro Parolin ilə görüşüb. Məlumatı Gürcüstan Parlamenti yayır.

Gürcüstan Parlamentinin məlumatına əsasən, görüş zamanı müzakirə olunan mühüm mövzulardan biri Gürcüstanın Avropaya inteqrasiyası prosesi olub. Kardinal Pietro Parolin bu münasibətlərdə mövcud problemlərlə maraqlanıb.

Tərəflər Gürcüstanın işğal altındakı bölgələri – Abxaziya və Sxinvali bölgəsində mövcud vəziyyət haqda danışıblar. Həmçinin, Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də ümumilikdə regional təhlükəsizliyin təmin edilməsi prosesində mühüm sülhməramlı rolu müzakirə mövzusu olub.

Bu gün Gürcüstan parlament nümayəndə heyətinin Roma Papası XIV Leo ilə görüşü baş tutub. Görüşlərdə Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini Tornike Ceişvili və Gürcüstanın Müqəddəs Taxt-Tacdakı (Vatikan) fövqəladə və səlahiyyətli səfiri Davit Mekvabişvili iştirak edirdilər.