Nikoloz Samxaradze Malayziya Parlamentində görüşlər keçirib
Nikoloz Samxaradze Malayziya Parlamentində görüşlər keçirib

 

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Malayziyada rəsmi səfərdədir. Səfər çərçivəsində Nikoloz Samxaradze Malayziya Senatının vitse-spikeri Nur Cazlan Mohamed və Deputatlar Palatasının Xarici Əlaqələr və Ticarət Komitəsinin sədri Vonq Çen ilə görüşüb.

Siyasi, ticarət, təhsil və turizm sahələrində ikitərəfli əlaqələrin inkişafı görüşlərdə söhbətin əsas məsələləri olub.

Nikoloz Samxaradze malayziyalı həmkarlarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə təşəkkür edib.

“Görüşlərdə Cənub-Şərqi Asiya ölkələri təşkilatının parlament ölçüsünün əhəmiyyəti barədə danışdıq və qeyd etdik ki, bu, Gürcüstan üçün Cənub-Şərqi Asiya ölkələri ilə daha yaxşı əlaqələrin qurulması baxımından yaxşı platformadır. Görüşlərdə ikitərəfli münasibətlərin dinamik inkişafını və investisiya imkanlarını vurğuladıq” – Nikoloz Samxaradze bildirib.

Tərəflər regional təhlükəsizlik mühitini nəzərdən keçiriblər. Xarici Əlaqələr Komitəsinin sədri Rusiya tərəfindən işğal olunmuş bölgələrdə mövcud vəziyyət, Qara dəniz regionunun təhlükəsizliyi, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü və onun Cənubi Qafqaza təsirindən danışıb.

Malayziya tərəfi gürcü həmkarına Cənub-Şərqi Asiya ölkələrində mövcud iqtisadi və siyasi vəziyyət, o cümlədən ABŞ və Çin arasında ticarət rüsumlarının tətbiqinin ASEAN ölkələrinə mənfi təsiri barədə məlumat verib.

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Cənub-Şərqi Asiya Ölkələrinin (ASEAN) Parlament Assambleyasının illik sessiyasının keçirildiyi Malayziyada rəsmi səfərdədir.

Məlumatı parlamentin mətbuat xidməti yayır.