Nikoloz Samxaradze – İrakli Ğaribaşvili ilə İens Stoltenberqin görüşünün ləğvini Gürcüstanın daxili siyasi problemlərinə aid etməyi istisna edirəm, məndə olan məlumata görə, səbəb Stoltenberqin səhhətinin vəziyyətidir
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə NATO-nun baş katibi İens Stoltenberqin bugünkü görüşünün ləğv edilməsinin səbəbi Gürcüstanın daxili siyasi problemləri ilə bağlı deyil.
Nikoloz Samxaradze jurnalistlərə bildirib ki, İens Stoltenberqin səhhətinə görə görüşü təxirə salınıb.
“Məndə olan məlumata görə, bu görüşün təxirə salınması və ləğv edilməsinə səbəb Stoltenberqin sağlamlıq vəziyyətidir. Bildiyiniz kimi, o, covid – ə tutulmuşdu və bu səbəbdən ötən həftə, eləcə də bu həftənin əvvəlində çox vacib görüşlərdə iştirak edə bilmədi. Onun yeganə görüşü NATO-ya üzvlük üçün rəsmi müraciət etmiş Finlandiya və İsveç nümayəndələri ilə olub və bundan başqa bütün digər görüşlər ləğv edilib. Bu, Brüsseldəki səfirliyimizdən əldə etdiyimiz məlumatdır.
Bu görüşün ləğvinin Gürcüstanın daxili siyasi problemləri ilə bağlı olduğunu istisna edirəm. Daxili siyasi hadisə bu görüşün ləğvinə səbəb ola bilməz. Dünən baş nazirin Brüsseldə yüksək səviyyəli, o cümlədən Avropa İttifaqı Şurasının prezidentləri və Avropa Parlamentinin deputatları ilə görüşləri olub. İclasın təxirə salınmasına səbəb onun səhhətinin vəziyyətidir. Finlandiya və İsveçdən sonra bütün görüşlər ləğv edilib”, – dedi Samxaradze.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə NATO-nun baş katibi İens Stoltenberq arasında bugünkü görüş ləğv edilib.