Nikoloz Samxaradze Böyük Britaniyanın səfiri və Ukrayna işləri üzrə müvəqqəti nümayəndə ilə görüşüb
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın səfiri Qaret Uord və Ukrayna işləri üzrə müvəqqəti nümayəndə Dmitro Berejnoy ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Ukrayna Radasının sədri və Böyük Britaniyanın İcmalar və Lordlar palatalarının spikerlərinin dəvəti ilə Gürcüstan Parlamentinin nümayəndə heyətinin iştirak edəcəyi dekabr ayında Londonda keçirilməsi planlaşdırılan “Krım Platforması”nın parlament ölçüsü toplantısına toxunulub.
“Tərəflər gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərindən də danışıblar. Həmçinin “Krım Platforması” iclaslarının gedişində Londonda ikitərəfli görüşlərin keçirilməsi imkanını müzakirə ediblər.
Görüşdə ukraynalı diplomat Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinə Ukraynanın şərqindəki cəbhə xəttində mövcud vəziyyət barədə məlumat verib. Bununla yanaşı, Ukraynanın nümayəndəsi Gürcüstan hakimiyyətinə beynəlxalq forumlarda Ukraynaya göstərilən dəstəyə və humanitar yardıma görə təşəkkür edib, ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı üçün hazır olduğunu bildirib.
Böyük Britaniyanın səfiri ilə həmçinin Tanzaniyada Beynəlxalq Parlamentlərarası İttifaqın Assambleyası zamanı gürcü parlament nümayəndə heyətinin Böyük Britaniyanın İcmalar Palatasının spikeri ilə görüşü və sonrakı əlaqələrin gündəliyi müzakirə edilib” – Gürcüstan Parlamentinin yaydığı məlumatda deyilir.