Nikoloz Samxaradze ATƏT-in baş katibi ilə görüşüb
Nikoloz Samxaradze ATƏT-in baş katibi ilə görüşüb

 

Xarici Əlaqələr Komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Gürcüstan Parlamentinin nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Tərəflər Gürcüstanın daxili siyasi vəziyyəti və cari proseslər, planlaşdırılan özünüidarəetmə seçkiləri, Avropa İttifaqına inteqrasiya və mövcud çağırışlar barədə danışıblar.

Görüşün əsas mövzularından biri Gürcüstan və ATƏT arasında əməkdaşlıq olub. Nikoloz Samxaradze Gürcüstanın ATƏT-in fəal üzvü olduğunu qeyd edib və təşkilatın təhlükəsizlik və sabitliyin təşviqində mühüm rolunu vurğulayıb.

ATƏT-in baş katibi ilə görüşdə regional təhlükəsizlik məsələlərini, Ukraynada davam edən rus təcavüzünü, Azərbaycan və Ermənistan arasında davam edən danışıqları, onların regional təhlükəsizlik və sabitliyin təmin edilməsi prosesində əhəmiyyətini müzakirə ediblər.

Nikoloz Samxaradze ilə ATƏT-in baş katibi arasında keçirilən görüşdə Avstriya Respublikasında Gürcüstanın səfiri, ATƏT və Vyana şəhərində yerləşən beynəlxalq təşkilatlarda Gürcüstanın daimi nümayəndəsi Aleksandre Maisuradze iştirak edirdi.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.