Nikoloz Samxaradze – ABŞ dövlət katibinin müavini Brendan Hanrahan ilə görüş yenicə başa çatdı, strateji tərəfdaşlıq üzrə yeni saziş üzərində işə başlamağa hazır olduğumuzu təsdiqlədim
ABŞ Dövlət Departamentində keçirilən görüşdə dövlət katibinin müavini Brendan Hanrahan ilə strateji tərəfdaşlıq üzrə yeni saziş üzərində işə başlamağa hazır olduğumuzu təsdiqlədim, – bu barədə Gürcüstanın parlament nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze görüşdən sonra bildirib.
Nikoloz Samxaradze görüşü müsbət qiymətləndirib və qeyd edib ki, söhbət qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri əhatə edib.
“Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin müavini cənab Hanrahan ilə görüşüm yenicə başa çatdı. Görüş kifayət qədər dostluq atmosferində keçdi. Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər barədə danışdıq, o cümlədən hökumətimizin Amerikanın yeni administrasiyası ilə malik olduğu dəyərlər uyğunluğu barədə danışdıq. Gürcüstanın təhlükəsizlik çağırışları, işğaldan irəli gələn təhdidlər, regionda baş verən hadisələr barədə danışdıq. Bu hadisələrin Gürcüstanın təhlükəsizliyinə təsirinə diqqət yetirdik. Orta Dəhlizin inkişafı məsələlərini, o cümlədən “Tramp marşrutu” məsələsini müzakirə etdik. Qeyd etdik ki, “Tramp marşrutu”nun həyata keçirilməsini alqışlayırıq, çünki hesab edirik ki, bu, “Orta Dəhliz”ə və Gürcüstan marşrutuna alternativ deyil, əksinə, tamamlayıcı amildir. Həmçinin, Amerika şirkətlərinin Gürcüstana investisiya yatırması barədə danışdıq və ən əsası, strateji tərəfdaşlıq üzrə yeni saziş barədə müzakirə apardıq. Biz yeni saziş üzərində işə başlamağa hazır olduğumuzu təsdiqlədik və bu sazişin qarşılıqlı faydanın əldə olunmasına yönələcəyini bildirdik. Bu tərəfdaşlığı daha da gücləndirəcək bir çox mövzunu qeyd etdik. Beləliklə, deyə bilərəm ki, kifayət qədər maraqlı və məhsuldar müzakirə apardıq və bu məsələlər üzrə müzakirələri gələcəkdə də fəal şəkildə davam etdirəcəyik”, – deyə Nikoloz Samxaradze bildirib