Nikol Paşinyanın Ermənistanı 20 il sonra necə təsəvvür etdiyi ilə bağlı suala cavabı – “Ölkəni Avropa İttifaqının bir hissəsi kimi görürəm”
Ermənistanın Baş naziri Nikol Paşinyan 20 il sonra ölkəsini Avropa İttifaqında gördüyünü bildirir.
Paşinyanın qeyd etdiyi kimi, o, dekabr ayında Rusiyaya üç səfər planlaşdırır və onlarla dostluq mühitini qoruyub saxlaya biləcəklərinə ümid edir.
“Dekabrın 3, 11 və 22-də danışıqlar aparmaq üçün Rusiyaya gedəcəyəm. Ümid edirəm ki, Rusiya ilə münasibətlərdə dostluq mühitini qoruyub saxlaya biləcəyik” – Paşinyan açıqlayıb.
O, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (EAEU), həm də Avropa İttifaqının üzvü ola bilməyəcəyini bildirib.
“Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü ola bilməz. Bizim əsas siyasi məqsədimiz Ermənistan vətəndaşları üçün alternativ yaratmaq olub və olaraq qalır. Uzun müddət belə bir təsəvvür var idi ki, Ermənistanın alternativi yoxdur. Hətta Avrasiya İqtisadi İttifaqının liderlərindən biri də açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından başqa gedəcək yeri yoxdur. Bu bəyanat isə müəyyən siyasi proseslərə səbəb oldu” – Paşinyan açıqlayıb.
20 il sonra Ermənistanı necə təsəvvür etdiyi ilə bağlı suala baş nazir ölkəni Avropa İttifaqının bir hissəsi kimi gördüyü cavabını verib.
“Ermənistanı Avropa İttifaqının bir hissəsi kimi görürəm” – Paşinyan açıqlayıb.