Nikol Paşinyan Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirdiyinə görə İran Prezidentinə təşəkkür edib
Ermənistanın Baş naziri Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirdiyinə görə İran Prezidentinə təşəkkür edib. Erməni mediasına əsasən, Nikol Paşinyanla Masud Pezeşkiyan arasında telefon danışığı aparılıb.
Yayılmış məlumata əsasən, Paşinyan regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və ikitərəfli qarşılıqlı razılaşma əsasında fəaliyyət göstərəcəyini xüsusilə qeyd edib.
“Baş nazir cari ilin avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələrini İran İslam Respublikasının Prezidentinə təqdim edib, Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün region üçün açdığı imkanları vurğulayıb. Baş nazir Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirdiyinə görə İran Prezidentinə təşəkkür edib və İran İslam Respublikası Prezidentinin Ermənistan Respublikasına gələcək səfərinin əhəmiyyətini vurğulayıb” Ermənistanın Baş nazirinin mətbuat katibinin bəyanatında qeyd olunub.
Bununla yanaşı, məlum olduğu kimi, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan sabah Tehrana səfər edəcək.