Nikol Paşinyan – Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq
Ermənistanın Baş naziri Nikol Paşinyan, son illərdə Ermənistan və Türkiyə arasındakı münasibətlərdə, o cümlədən ticarət əlaqələri istiqamətində nəzərəçarpacaq dəyişikliklər baş verdiyini bəyan edib.
“Türkiyə Ermənistandan ixrac və Ermənistana idxal üçün yolları açıb. Doğrudur, bu, birbaşa bizim quru sərhədimiz vasitəsilə deyil, Gürcüstan ərazisindən keçməklə həyata keçirilir, lakin bu, real dəyişiklikdir. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam normallaşmasına nail olacağıq” – Paşinyan qeyd edib.
Paşinyan iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən danışarkən, tərəflərin münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyiş haqda danışdıqlarını qeyd edib.
“İki gün əvvəl Prezident Ərdoğanla çox müsbət görüşüm oldu. Hər ikimiz qeyd etdik ki, irəli gedirik və diplomatik münasibətlərin qurulması, eləcə də sərhədlərin tam açılması ilə bağlı yekun addıma çox yaxınıq” – Ermənistanın Baş naziri qeyd edib.
Ermənistanın Baş naziri, qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulmasının Ermənistanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyib. Paşinyanın qeyd etdiyi kimi, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi ilə paralel olaraq Ermənistan öz regionuna da diqqət yetirməlidir.