Nikol Paşinyan – Rusiya hərbi bazası bizim üçün həyati əhəmiyyət daşımır, əgər onun çıxarılmasına qərar versələr, biz buna qarşı çıxmayacağıq
Nikol Paşinyan – Rusiya hərbi bazası bizim üçün həyati əhəmiyyət daşımır, əgər onun çıxarılmasına qərar versələr, biz buna qarşı çıxmayacağıq
Rusiya hərbi bazası bizim üçün həyati əhəmiyyət daşımır. Əgər onun Ermənistandan çıxarılmasına qərar versələr, biz buna qarşı çıxmayacağıq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan heç vaxt Rusiya hərbi bazası məsələsini gündəmə gətirməyib.
„Bu müddət ərzində biz Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik. Lakin deyə bilmərik ki, onun Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab edirik. Əgər Rusiya öz hərbi bazasını Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna qarşı çıxmayacağıq. Lakin bazanın qalması ilə bağlı istək ifadə olunarsa, bu məsələni də müzakirə etməyə hazırıq. Ancaq bütün bu müddət ərzində bu məsələni heç vaxt gündəmə gətirməmişik“, – Paşinyan qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bildirib ki, Ermənistan hakimiyyəti ölkədə yerləşən Rusiya hərbi bazasına artıq ehtiyac olmadığını hesab edərsə, Moskva öz hərbi bazasını Ermənistandan çıxaracaq.