Nikol Paşinyan hakimiyyəti ələ keçirməyə cəhdin qarşısını alan hüquq-mühafizə orqanlarının əməkdaşlarını mükafatlandıracağını bildirir
Ermənistanın Baş naziri hakimiyyəti ələ keçirməyə cəhdin qarşısını alan hüquq-mühafizə orqanlarının əməkdaşlarını mükafatlandıracağını bildirir.
Bu barədə Nikol Paşinyan Ermənistan hökumətinin iclası başlamazdan əvvəl deyib.
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının Ermənistanın dövlətçiliyinə, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş cinayətin qarşısını aldıqlarını bildirib.
“Bu planın həyata keçirilməsinin qarşısı alındı. Mən hüquq-mühafizə strukturlarının nümayəndələrinə təşəkkür etmək istəyirəm” – Nikol Paşinyan bildirib.
Ermənistanın Baş naziri həmçinin bildirib ki, bu işdə fəal çalışan hüquq-mühafizə orqanlarının əməkdaşlarını dövlət mükafatına təqdim etmək niyyətindədir. O, məsələni ölkə prezidenti ilə də müzakirə etdiyini deyib.
Məlumat üçün bildirək ki, iyunun 25-də Ermənistanın İstintaq Komitəsində bəyan etdilər ki, Ermənistanın arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərliyi ilə, “Müqəddəs mübarizə” hərəkatı çərçivəsində terror aktları və qətllər planlaşdırılırdı, məqsədi ilə hakimiyyətin qəsb edilməsi idi.
Bəyanata əsasən, hərəkat çərçivəsində əsasən keçmiş hərbi qulluqçular və polislərdən ibarət 250-yə yaxın qrup yaradılıb. Onların məqsədi destruktiv hərəkətlər vasitəsilə ölkənin idarəetmə və nəqliyyat sistemlərini bloklamaq olub.
İstintaq Komitəsinin məlumatına əsasən, cinayətkar qrupların planına daxil idi: nəqliyyat dəhlizlərinin bağlanması; elektrik enerjisinin və internetin kəsilməsi; partlayışlar yolu ilə qorxu aşılamaq; dövlət sistemlərinə kiberhücumlar; polisin fəaliyyətinə əngəl olmaq və dövlət hakimiyyətini dağıtmaq.
İstintaq Komitəsində bu qrupların koordinasiyasını arxiyepiskop Baqrat Qalstanyanın həyata keçirdiyini bildirirlər.
Baqrat Qalstanyan iki ay müddətinə saxlanılıb. O, terrorizmdə, kütləvi iğtişaşlarda və hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyə hazırlıqda ittiham olunur. Arxiyepiskop özü ittihamları rədd edir və siyasi motivlə təqib olunduğunu deyir.
Ermənistanın İstintaq Komitəsi məhkəmədən bu iş üzrə daha 16 nəfərin həbsini tələb edib.