Nikol Paşinyan - Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını və ümumilikdə sülh prosesini dəstəkləyən Gürcüstanın Baş nazirinə təşəkkür edirəm
Nikol Paşinyan - Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını və ümumilikdə sülh prosesini dəstəkləyən Gürcüstanın Baş nazirinə təşəkkür edirəm

 

Biz Gürcüstan-Azərbaycan dəmir yolu xəttindən ixrac üçün istifadə etmək niyyətindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistanın ixrac istiqamətlərindən birinə çevriləcək – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə əsasən, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını və ümumilikdə sülh prosesini dəstəkləyən Gürcüstanın Baş nazirinə təşəkkür edir.

“Müstəqillikdən bəri ilk dəfə, 2025-ci ilin noyabr ayında qatar Azərbaycan və Gürcüstan üzərindən Ermənistan Respublikasına çatdı. Təkrar edirəm, bu, 1991-ci ildən sonra ilk dəfə baş verdi. Bu, Azərbaycan Prezidentinin 2025-ci ilin oktyabr ayında Azərbaycan üzərindən Ermənistana dəmir yolu nəqliyyatına qoyulan məhdudiyyətləri aradan qaldıracağını bəyan etməsindən sonra baş verdi. Bu qərara görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Biz də öz növbəmizdə bəyan etdik ki, artıq bu gün Azərbaycandan Türkiyəyə və əksinə tranziti təmin etməyə hazırıq, çünki bunu mövcud avtomobil yolları şəbəkəsindən istifadə etməklə edə bilərik. Nə Azərbaycan, nə də Türkiyə hələlik bu fürsətdən istifadə etməyib. Həmçinin, ixrac üçün Gürcüstan-Azərbaycan dəmir yolu xəttindən istifadə etmək niyyətindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistanın ixrac istiqamətlərindən birinə çevriləcək. Ermənistan artıq Azərbaycandan neft məhsullarının idxalını həyata keçirir. Bu isə bizim bazarda neft məhsullarının qiymətlərinin azalmasına səbəb olub və bu sahədə onilliklər boyu mövcud olan monopoliyaları pozub. Həmçinin, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını və ümumilikdə sülh prosesini dəstəkləyən Gürcüstanın Baş nazirinə təşəkkür etmək istəyirəm” – Paşinyan bildirib.