Nikol Paşinyan – Ermənistanın həmişə alternativi olmalıdır, Rusiya Prezidentinə dedim ki, seçdiyimiz yolla gedəcəyik, xüsusən də indi, Ermənistan xalqı bu istiqaməti dəstəklədikdən sonra
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimer Putinlə telefon danışığı zamanı bir neçə məsələdə ortaq anlayışa nail olduqlarını bildirib.
Bununla yanaşı, Paşinyan jurnalistlərlə söhbətində Ermənistanın öz istiqamətlərini müəyyən etmək üçün legitim hüququ olduğunu deyib.
“Ermənistan Respublikasının öz alternativlərinə sahib olmaq üçün legitim hüququ var. Rusiya Prezidentinə dedim ki, biz artıq bu yolu elan etmişik və bu yolla gedəcəyik, xüsusən də indi, Ermənistan xalqı bunun lehinə səs verdikdən sonra” – Paşinyan bildirib.
O, ölkənin siyasətinin nəticəsi olaraq Ermənistanın seçim imkanının qalmayacağı bir vəziyyəti təsəvvür edə bilmədiyini deyib.
“Təsəvvür edə bilmirəm ki, bizim siyasətimiz nəticəsində Ermənistan Respublikası alternativlərin artıq olmayacağı bir vəziyyətə düşsün. Ermənistan Respublikasının həmişə alternativləri olmalıdır” – Ermənistanın Baş naziri qeyd edib.
Jurnalistin “Putinlə danışığınız konkret razılaşmadan bəhs edilmədiyi üçün dialoqun nəticəsiz qaldığı anlamına gəlir yoxsa yox?” sualına Paşinyan belə cavab verib: “Dialoq baş tutdu, çünki biz uzun müddət danışdıq”.
Bununla yanaşı, Rusiyanın tətbiq etdiyi ixrac məhdudiyyətlərindən danışan Paşinyan bunun təkcə Ermənistanın problemi olmadığını qeyd edib.
“Bu, Avrasiya İqtisadi İttifaqının problemidir. Faktiki olaraq belə çıxır ki, Avrasiya İqtisadi İttifaqı iflic olub və işləmir. Bu məsələ tezliklə həll olunmazsa, icazə verin proqnozlaşdırım – bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq” – Ermənistanın Baş naziri bildirib.
Ermənistan hökumətinin Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarını daha tez qəbul edə biləcəyi ilə bağlı suala Paşinyan bunu planlaşdırmadıqlarını deyib.
Onun sözlərinə əsasən, mayın 29-da Astanada EAEU-ya üzv ölkələrin liderləri Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirmək hüququnu tanıyan birgə bəyanat qəbul ediblər.
“Mən həmçinin Rusiya Prezidentinə dedim ki, bu referendumun keçirilməsi üçün, biz ən azı Avropa İttifaqına üzvlük üçün müraciət etməliyik” – Nikol Paşinyan qeyd edib.