Nikol Paşinyan – Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmanı dayandırdığı 2013-cü ilin ssenarisinin təkrarlanmasını istisna edirəm, bununla yanaşı Rusiya ilə böhran yaratmağa çalışmırıq
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın təzyiqi fonunda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmanı gözlənilmədən dayandırdığı 2013-cü ilin ssenarisinin təkrarlanması ehtimalını istisna edib.
“Ermənistanın bir və ya iki gecədə Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamaq prosesindən imtina edərək, bunun əvəzinə Avrasiya İqtisadi Birliyinə və ya Gömrük İttifaqına doğru addımlamaq qərarına gəldiyi 2013-cü ilin vəziyyətinin təkrarlanmasını istisna edib-etmədiyim barədə suala cavab verməyə icazə verin. Cavabım qısa və birmənalıdır: Bəli, mən bunu istisna edirəm.
Bu, xüsusən də indi, Ermənistan əhalisinin ölkənin apardığı siyasətə, xüsusən də onun balanslaşdırılmış və tarazlayıcı xarici siyasətinə öz dəstəyini açıq şəkildə ifadə etdiyi bir vaxtda qeyri-mümkündür. Eyni zamanda, dəfələrlə bəyan etdiyimiz kimi, biz heç vaxt Ermənistanla Rusiya arasındakı münasibətlərdə böhran yaratmağa çalışmamışıq, çalışmırıq və çalışmayacağıq. Biz ölkəmizin maraqlarına uyğun hərəkət edirik. Təbii ki, biz heç bir beynəlxalq tərəfdaşın maraqlarına məhəl qoymamazlıq etmirik, lakin hər hansı digər tərəfdaşın maraqlarını Ermənistanın maraqlarından üstün tuta bilmərik. Hesab edirəm ki, bu, istənilən ölkə üçün məntiqi yanaşmadır” – Nikol Paşinyan bildirib.
Bununla yanaşı, Paşinyan iyulun 1-də Rusiyanın Baş naziri ilə baş tutan telefon danışığını şərh edib.
“Müzakirənin miqyasları rəsmi bəyanatda öz əksini tapıb. Yaxın gələcəkdə daha ətraflı müzakirələr aparmaq barədə razılığa gəldik” – Paşinyan qeyd edib.